ENERJİ SİSTEMİNDƏ İNNOVASİYALI TEXNOLOGİYALARIN TƏTBİQİ DAHA DA GENİŞLƏNDİRİLƏCƏKDİR

Dünən Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsinin 26-cı ildönümü tamam oldu. Müstəqillik bizə azərbaycançılıq ideyası ətrafında sıx birləşərək, beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günlərdə BMT-nin yüksək tribunasından böyük qürur hissi ilə dediyi sözləri yada salaq: “Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq”.
Xalqımızın mənafeyinə tam cavab verən bu mükəmməl siyasət ulu öndər Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyəti ilə birbaşa bağlıdır. Hələ Azərbaycana rəhbərliyinin birinci dövründə - sovet hakimiyyətinin sərt totalitar qaydalarının hökm sürdüyü, müttəfiq respublikaların bir mərkəzdən idarə edildiyi vaxtlarda belə ulu öndər Heydər Əliyev bütün sahələrdə milli inkişafı təmin edən tədbirlər görməyə, gələcək müstəqilliyin bünövrəsini yaratmağa nail olmuşdur. Əsl liderə xas olan bu cəsarətli və qətiyyətli siyasətin ən bariz təzahürü özünü sosial-iqtisadi tərəqqiyə güclü təkan verən elektrik energetikası sahəsində göstərmişdir. Ötən əsrin 70-80-ci illərində Mingəçevirdə Cənubi Qafqazın ən iri istilik elektrik stansiyasının inşa edilməsi, bir sıra yeni generasiya güclərinin işə salınması, enerjinin istehsalı və nəql olunması imkanlarının genişləndirilməsi, həmçinin respublikada və onun hüdudlarından kənarda azərbaycanlı gənclərin energetikanın müxtəlif istiqamətləri üzrə ali təhsil alıb, savadlı və bacarıqlı mütəxəssislər kimi yetişməsi bugünkü müstəqilliyimizə xidmət edən misilsiz tarixi nailiyyət olmuşdur. Məhz həmin dövrdə Azərbaycanın enerji sistemi, sözün həqiqi mənasında, çox böyük fiziki və mənəvi güc əldə edərək, nəinki ümumittifaq vahid enerji sisteminin ən dayanıqlı hissəsinə çevrilmiş, həm də özü müstəqil fəaliyyət göstərmək qabiliyyətinə yiyələnmişdir. Ulu öndər Heydər Əliyev sonralar həmin dövrü xatırlayaraq demişdir: “...Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən və müstəqil dövlət kimi yaşamağa başlayandan sonra keçmiş Sovetlər İttifaqının vahid enerji sistemindən ayrıldığı zaman, keçmiş SSRİ-yə daxil olan bir çox respublikalardan fərqli olaraq öz elektrik stansiyaları vasitəsilə ölkəsini - həm sənayeni, həm bütün istehsal sahələrini, həm də xalqın tələbatını təmin edə bilən elektrik enerjisi potensialına malikdir və bunu da biz təmin etmişik. Bu, asan iş deyildi. Biz bunun üçün çox işlər görürdük və həmin işləri görmək də asan deyildi. Çünki hər bir yeni elektrik stansiyasını yaratmaq üçün Sovetlər İttifaqının dövlət büdcəsindən böyük vəsait ayırmaq, almaq lazım idi. Bunu da hər dəfə vermirdilər. Bəyan edirdilər ki, nə üçün siz yeni elektrik stansiyaları yaradırsınız, Sovetlər İttifaqının vahid elektrik enerjisi sistemi var, nə qədər istəyirsiniz oradan elektrik enerjisi ala bilərsiniz. Ancaq biz irəliyə baxırdıq. Biz hesab edirdik, bu elə bir sahədir ki, gərək Azərbaycan burada öz müstəqilliyini, yəni asılı olmadığını təmin edə bilsin. Biz bunu təmin etdik”.
Müstəqilliyini yeni bərpa etmiş Azərbaycan dövlətinin siyasi, iqtisadi, sosial dayaqlarını yaradarkən də ulu öndər Heydər Əliyev bu çətin və mürəkkəb quruculuq prosesində enerjisistemin roluna böyük əhəmiyyət vermiş, respublikanın əvvəlki rəhbərlərinin laqeydliyi və naşılığı nəticəsində bu sahəyə dəyən zərərin, yaranan texniki və təşkilati fəsadların aradan qaldırılması, zəifləmiş generasiya gücünün artırılması, ölkənin elektrik enerjisi ilə təchizatında yaranan problemlərin həll edilməsi üçün böyük əzmkarlıq və fədakarlıq göstərmişdir. O illəri xatırlayarkən, şəhər və kəndlərdə ciddi maddi çətinliklərlə üzləşən əhalinin, böhran vəziyyətinə düşmüş iqtisadiyyatın elektrik enerjisi çatışmazlığından nə qədər əziyyət və ziyan çəkdiyini göz önünə gətirməmək mümkünsüzdür. Qarabağda gedən müharibə, təcavüzkar Ermənistanın ərazilərimizi işğal etməsi, yüz minlərlə qaçqın və köçkün həmvətənimizin dözülməz məşəqqətlərə düçar olması, üstəlik də bəzi xəyanətkarların ölkəni vətəndaş qarşıdurmasına sürükləməsi nəinki energetikanı mövcud acınacaqlı durumdan çıxarmağa, heç bütövlükdə iqtisadiyyatın özünə diqqət yetirməyə imkan vermirdi. Yalnız ulu öndər Heydər Əliyevin böyük qətiyyəti və cəsarəti sayəsində çox qısa müddətdə daxili sabitlik və ictimai asayiş bərpa edildikdən, müstəqilliyimiz möhkəmləndirildikdən sonra köklü iqtisadi islahatların aparılmasıına başlandı. Xəzər dənizinin karbohidrogen yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizə beynəlxalq etimadın göstərilməsi və xarici sərmayələrin gəlməsi isə elektrik energetikası sektoruna təsirsiz qalmadı. Respublikanın sosial-iqtisadi dirçəlişində bu sektorun strateji əhəmiyyət daşıdığını yaxşı bilən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xarici sərmayələrin cəlb edilməsi nəticəsində mövcud elektrik stansiyalarının yenidən qurulması və modernləşdirilməsi layihələri icra edildi, müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər müəyyənləşdirildi. İlk növbədə, köhnə elektrik stansiyalarının yenidən qurulması və yeni elektrik stansiyalarının tikintisi hesabına yeni generasiya gücləri istismara verildi. Hələ sovet hakimiyyəti dövründə inşasına başlanmış 112 MVt gücündə Yenikənd SES-in tikintisinin yekunlaşdırılması və istismara verilməsi, Bakı İEM-də 2 müasir qaz turbininin quraşdırılması və 107 MVt həcmində yeni generasiya gücünün yaradılması, 400 MVt gücündə “Şimal” ES-in inşa edilib işə salınması məhz ulu öndər Heydər Əliyevin apardığı xarici siyasət sayəsində dünyanın qabaqcıl dövlətlərinin və beynəlxalq maliyyə qurumlarının Azərbaycana göstərdiyi dəstəyin nəticəsində mümkün oldu. İri beynəlxalq bankların kreditləri ilə yanaşı, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitləri hesabına elektrik enerjisi sektorunun maddi-texniki bazası yeniləşdirildi. Bununla yanaşı, enerjisistemin idarəçliyinin yeni iqtisadi münasibətlərin tələblərinə uyğun qurulması üçün mövcud dövlət şirkətinin bazasında səhmdar cəmiyyət təsis edildi, onun səmərəli fəaliyyəti üçün lazımi şərait yaradıldı. Məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində enerjisistemin qarşısında duran bir çox məsələlər öz həllini tapdı. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə - 1993-2003-cü illərdə enerjisistemin dirçəldilməsi üçün həyata keçirilən kompleks tədbirlər nəticəsində 700 MVt-dan artıq yeni generasiya gücü yaradılaraq, ümumi generasiya potensialı 5 min MVt-a çatdırıldı.
Enerjisistemin müasir və innovativ texnologiyaların tətbiqi ilə əlamətdar olan, sürətli iqtisadi yüksəlişin tələbatını ödəməyə istiqamətlənmiş yeni inkişaf mərhələsi isə cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanmışdır. Ötən 14 ildə bu sahədə görülən işlərin miqyası, həyata keçirilən layihələrin həcmi elə böyük və möhtəşəmdir ki, onların haqqında təfərrüatlı söz açmaq üçün bir qəzet məqaləsi, təbii ki, kifayət etməz. Yeni mərhələnin əsas məqsəd və vəzifələri konkret şəkildə dövlət başçısının 2005-ci il 14 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nda və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2 may 2005-ci il tarixli sərəncamında müəyyənləşdirilmişdir. O vaxt ölkənin inkişaf perspektivləri ilə əlaqədar tələbatı ödəmək üçün 1800 meqavata qədər yeni elektrik gücünün istismara verilməsi və yüksək gərginlikli elektrik şəbəkələrinin genişləndirilməsi vacib hesab edilmişdi. Son 10 ildə ümumi gücü 2300 MVt-dan artıq 20-dən çox elektrik stansiyasının tikilib istismara verilməsi, ümumi uzunluğu 10 min kilometrdən artıq olan elektrik verilişi xətlərinin çəkilməsi, xeyli sayda yarımstansiyanın inşa edilməsi və yenidən qurulması, ən son elmi-texniki yeniliklərə əsaslanan rəqəmsal texnologiyanın - SCADA sisteminin tətbiqi ilə enerjisistemin idarəçiliyinin köklü şəkildə təkmilləşdirilməsi həmin strateji vəzifənin layiqincə yerinə yetirildiyini, ölkəmizin nəinki enerji təhlükəsizliyinin təmin edilməsi, həm də ixrac potensialının yaranması üçün mühüm işlər görüldüyünü göstərir. Belə ki, 2003-2017-ci illərdə hər birinin gücü 87 MVt olan Astara, Şəki, Xaçmaz, Naxçıvan, 105 MVt gücündə Bakı, Şahdağ, gücü 300 MVt olan Səngəcal, 525 MVt gücündə Sumqayıt, 780 MVt gücündə “Cənub” elektrik stansiyaları, 5 MVt gücündə Vayxır, 22 MVt gücündə Biləv, 25 MVt gücündə Füzuli, Taxtakörpü və Şəmkirçay, 20,5 MVt gücündə “Arpaçay-1”, 3,1 MVt gücündə “Göyçay”, 1,4 MVt gücündə “Arpaçay-2”, 3,2 MVt gücündə “İsmayıllı”, 1,5 MVt gücündə “Balakən” su elektrik stansiyaları istismara verilmişdir, “Astara-1”, “Oğuz” kiçik su elektrik stansiyalarının inşası başa çatdırılmaq ərəfəsindədir. “Azərbaycan” İES-də və Mingəçevir SES-də isə modernləşdirmə istiqamətli əsaslı yenidənqurma işləri həyata keçirilmişdir.
Ötən dövr ərzində “1-ci, 2-ci Mingəçevir EVX-nin yenidənqurulması” layihəsi çərçivəsində gücü 360 MVA olan 220 kV-luq “Ağdaş” yarımstansiyasının (YS), 220 kV-luq ikidövrəli “Mingəçevir ES - Abşeron YS” hava xəttinin tikintisi və 500 kV-luq “Abşeron” yarımstansiyasında 400 MVA gücündə 3-cü avtotransformatorun quraşdırılması və sxemə qoşulması üzrə işlər başa çatdırılmış, 330 kV-luq “Goranboy” paylayıcı məntəqəsi istifadəyə verilmişdir. 220 kV-luq “Şimal ES - Hövsan YS” ikidövrəli hava xəttinin tikintisi, gücü 360 MVA olan 220 kV-luq “Zabrat” yarımstansiyasının inşası, 220 kV-luq ikidövrəli “Şimal ES - Zabrat YS - Sumqayıt ES” hava xəttinin tikintisi layihəsi başa çatdırılmış və bir hissəsi şəbəkəyə qoşulmuşdur. “Şimal” elektrik stansiyasında gücü 409 MVt olan ikinci enerji bloku istismara veriləndən sonra bu yarımstansıya və elektrik verilişi xətləri tam şəkildə şəbəkəyə qoşulacaqdır. Ötürücü infrastrukturun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər isə enerjisistemin dayanıqlığını möhkəmləndirməklə yanaşı, regional əməkdaşlıq və kommersiya əlaqələri üçün texniki imkanların genişləndirilməsinə də şərait yaradacaqdır.
Bu gün ölkəmizin elektrik enerjisi üzrə regional bazarlarda, həmçinin “Şimal-Cənub” və “Şərq-Qərb” enerji dəhlizlərində fəal iştirakının təmin edilməsi aktual məsələlərdəndir. Bu məqsədlə Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi ilə əlaqədar zəruri texniki-təşkilati tədbirlər həyata keçirilir. Enerji mübadiləsini və tranzitini həyata keçirən yüksək gərginlikli xətlər yenidən qurulmuşdur və qurulmaqdadır. Onların ötürücülük qabiliyyəti artırılmışdır. Tranzit imkanlarının daha da genişləndirilməsi, enerji sistemləri arasında əlaqələrin sinxronlaşdırılması üçün sabit cərəyan çevirici yarımstansiyanın tikintisi üzərində iş aparılır. Hazırda Azərbaycanın enerji sistemi Rusiya Federasiyasının və Gürcüstanın enerji sistemləri ilə paralel rejimdə işləyir. Türkiyə enerji sistemi ilə Naxçıvan MR arasında birbaşa, Azərbaycanla isə Gürcüstan vasitəsi ilə əlaqə həyata keçirilir. İranla “ada” rejimində işləmək şərti ilə əlaqə mövcuddur. Məlum olduğu kimi, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün yaradılması bizə gələcəkdə Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmaq imkanı verəcəkdir. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezident İlham Əliyev Azərbaycanla qonşu ölkələr arasında yüksək gərginlikli xətlər vasitəsi ilə elektrik enerjisi ixracının əvvəlki dövrlə müqayisədə 300 faiz artmasını, bu ilin birinci altı ayında xaricə elektrik enerjisi satışının dəyərinin 25 milyon dollar təşkil etməsini yüksək qiymətləndirmişdir. Qeyd edək ki, statistikaya görə, doqquz ayın yekununda ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm daha da artacaqdır.
Enerjisistemin yaxın və uzunmüddətli perspektivləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə özünün konkret ifadəsini tapmışdır. Bu sənəddə elektrik enerjisi sektorunun strateji və prioritet hədəfləri dəqiqləşdirilmiş, elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialdan səmərəli istifadə olunması, elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi, həmçinin izafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisinin ixracı imkanının nəzərdən keçirilməsi investisiya tələbatlı əsas tədbirlər kimi müəyyənləşdirilmişdir. “Azərenerji” ASC-də həmin tədbirlərin icrası ilə bağlı üzərinə düşən vəzifə və öhdəlikləri vaxtında yerinə yetirmək üçün konkret fəaliyyət planı hazırlanmışdır, bu plan əsasında zəruri işlər aparılır. Yol xəritəsinin icra vəziyyəti ilə bağlı aparılmış monitorinq və qiymətləndirmənin nəticələrinə görə 2017-ci ilin birinci yarısında “Azərenerji” ASC yaxşı nəticə göstərmişdir. Strateji Yol Xəritəsinə uyğun olaraq, istismar müddəti başa çatmış və texniki göstəriciləri tələblərə tam cavab verməyən 110 - 500 kV gərginlikli yarımstansiyaların, elektrik verilişi xətlərinin müəyyən edilməsi və onların yenidən qurulması, 110- 330 kV gərginlikli, müasir texnologiyaya cavab verən, yeni rəqəmsal yarımstansiyaların, idarə olunan elektrik verilişi xətlərinin inşa edilməsi üzrə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Onu da qeyd edək ki, yüksək gərginlikli elektrik verilişi xətlərinin traslarının razılaşdırılması və təsdiq edilməsinə dair prosedur qaydalarının təkmilləşdirilməsi məsələsi mühüm məsələ kimi gündəlikdədir, “Azərenerji” ASC bu məsələ üzrə öz tövsiyə və təkliflərini hazırlayır.
Ən yaxın perspektivdə - “Şimal” elektrik stansiyasında gücü 409 MVt olan ikinci enerji blokunun, Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisi həyata keçirilməklə yanaşı, yaxın perspektivdə 980 MVt gücündə “Yaşma”, 385 MVt gücündə “Səngəçal-2” istilik elektrik stansiyalarının inşası nəzərdə tutulur. Ötürücü infrastrukturun rəqəmsal texnologiyalar əsasında yenidən qurulması işləri gələn ildən daha da intensivləşdiriləcəkdir. “Azərenerji” ASC tərəfindən artıq tətbiqinə başlanılmış bu innovativ texnologiya ənənəvi texnologiyalardan yüksək dərəcədə avtomatlaşdırma səviyyəsi, bütün proseslərin rəqəmsal şəkildə aparılması ilə fərqlənir.
Dövlət başçısının tapşırığı əsasında bölgələrdə su elektrik stansiyalarının tikintisi də davam etdiriləcəkdir. Hidroenerji resurslarından geniş istifadə həm regionların sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərir, həm enerjisistemin generasiya güclərinin strukturunu yaxşılaşdırır və elektrik enerjisi istehsalına yanacağın sərfini azaldır, həm də pik güclərinin daha effektiv tənzimlənməsinə öz töhfəsini vermiş olur. Onu da qeyd edək ki, hidroenergetikanın generasiya imkanları, ilk növbədə, iqlim şəraiti, su ehtiyatları həcmindəki mövsüm dəyişiklikləri ilə bağlıdır. Respublikamızda elektrik enerjisi istehlakı istər yaz-yay, istərsə də payız-qış mövsümlərində bərabər səviyyədə olur. Bu il çaylarda suyun azalması şəraitində enerjisistemin dayanıqlığının təmin edilməsi üçün energetiklər səylə çalışmışlar. Ümumiyyətlə, bütün mövsümlərdə əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə tam və dayanıqlı təchizatı üçün bütün zəruri tədbirlər görülür.
Son dövrdə dünyada elektrik energetikasının innovativ dəyişikliklər əsasında inkişafı diqqət mərkəzindədir. Bu dəyişikliklər sahənin modernləşdirilməsinin mövcud baza prinsiplərinə yeni baxışın formalaşmasını nəzərdə tutur. Belə ki, modernləşdirmə sadəcə əsas istehsal fondlarının bərpası və təkmilləşdirilməsindən ibarət olmayıb, energetikanın “intellektuallaşdırılması” - rəqəmsal və smart-texnologiyaların tətbiqi əsasında energetik, ekoloji təhlükəsizliyi və effektivlyi təmin etməlidir. Bu gün dövlətimizin və onun rəhbərinin energetiklər qarşısında qoyduğu ən mühüm vəzifə də Azərbaycan enerjisisteminin məhz müasir dünya standartları səviyyəsində inkişafına nail olmaqdır. Energetiklərimiz bu məsul vəzifənin yerinə yetirilməsi, əhalinin və iqtisadiyyatın dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün bütün imkanlardan bundan sonra da maksimum səmərəli istifadə etməyə çalışacaqlar.
Etibar PİRVERDİYEV,
“Azərenerji” ASC-nin prezidenti
“Azərbaycan” qəzeti, 19 Oktyabr 2017-ci il