TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR QƏNAƏTBƏXŞDİR

Image

Ölkə enerjisisteminin flaqmanı  Azərbaycan İstilik Elektrik stansiyasında (İES) həmişə olduğu kimi cari ilin I yarımilliyində də enerji blokları və avadanlıqların dayanıqlı və qənaətli iş rejimi təmin olunmuş, dispetçer qrafikinə uyğun elektrik enerjisi istehsalı davam etdirilmişdir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin iyun ayında 471,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Həmişə olduğu kimi cari ilin I yarımilliyində də əzmkarlıqla çalışdıqlarını vurğulayan mənbə bildirdi ki, sözügedən dövr ərzində stansiyada 3 milyard 591,8 milyon kilovatsaatdan artıq  elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Hazırda stansiyanın enerji blokları  dispetçer yük qrafikinə uyğun olaraq işləyir və  müəssisədə gün ərzində, orta hesabla, 20-21 milyon kilovatsaat elektrik enerjisi istehsal olunur.

Cari ilin son üç ayı ərzində həyata keçirilmiş və davam etdirilən təmir-bərpa işləri barədə məlumat verən  mənbə onu da qeyd etdi ki, cari ilin iyul ayının əvvəllərində 2 saylı enerji blokunda əsaslı təmir işləri uğurla başa çatdırılmışdır.

Mənbədən onu da bildirdilər ki, respublika enerji sisteminin bütün sahələrində olduğu kimi Azərbaycan İES-in də normal fəaliyyətini davam etdirməsi üçün  tərtib edilmiş təmir qrafikinə uyğun olaraq cari ilin ikinci rübündə beş blokda təmir işləri başa çatdırılmış, 330 və 500 kV-lik yarımstansiyalarda, eyni zamanda digər köməkçi istehsalat sahələrində avadanlıq, bina və qurğularda da təmir-profilaktika işlərinin aparılması nəzərdə tutulmuş və hazırda bu işlər davam etdirilir.

Sonda onu da qeyd edək ki, burada yay mövsümünə hazırlıqla əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Bununla əlaqədar olaraq stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın baş verə biləcək təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar aradan qaldırılır.