“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Mayın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) IV Məzun Karyera sərgisi keçirilib. ADNSU-nun dəvətinə əsasən, “Azərenerji” ASC sərgidə iştirak edib.
Ali təhsil ocağı ilə sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsi, məzunların öz ixtisaslarına uyğun işlə təmin olunmasına şərait yaradılması məqsədi daşıyan sərgiyə “Azərenerji” ASC tərəfindən 33 vakant vəzifə çıxarılıb. Əsasən, Bakı, Abşeron, Gəncə, İsmayıllı və Balakən şəhər-rayonlarını əhatə edən “Kimya mühəndisi”, “Yarımstansiya avadanlıqlarına xidmət üzrə mühəndis”, “Hidrotexniki qurğulara nəzarət üzrə mühəndis”, “Elektrik mühəndisi”, “Energetika mühəndisi” ixtisaslarından ibarət vakant iş yerləri barədə sərgi iştirakçıları ətraflı şəkildə məlumatlandırılıb.
Səhmdar cəmiyyətin mütəxəssisləri tərəfindən gələcək karyerasını “Azərenerji” ASC-də qurmaq istəyi olan şəxslərə işə qəbul qaydaları ilə bağlı geniş izahat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sərgidə səhmdar cəmiyyət barədə ətraflı təsəvvür yaratmaq üçün “Tarixi inkişaf yolu”, “Elektrik enerjisinin istehsalı imkanları”, “Müasir ötürmə və idarəetmə sistemi” və “Strateji hədəflərə doğru” adlı çap məhsulları tələbə-məzunlara təqdim olunub.