HEYDƏR ƏLİYEVİN İDEYALARI ÖLKƏMİZİN ELEKTRİK ENERJİSİ SİSTEMİNDƏ MÜVƏFFƏQİYYƏTLƏ REALLAŞDIRILIR

Image

Azərbaycan elektrik energetikasının yüz ildən artıq uzun və şərəfli tarixinin son əlli ilinin ən parlaq səhifələri ulu öndər Heydər Əliyevin özü və davamçıları tərəfindən yazılmışdır. Ötən əsrin yetmişinci illərinə qədər respublikamızda enerji sistemi artıq formalaşmışdı və keçmiş sovet dövlətinin nəhəng vahid enerji sisteminin tərkibində fəaliyyət göstərirdi. Məhz bu amili əsas götürən mərkəzi hakimiyyət, digər əyalətlərdə olduğu kimi, Azərbaycanda da elektrik enerjisi hasilatını artırmaq üçün yeni və güclü generasiya müəssisələrinin tikintisinə biganəlik göstərir, belə layihələrin maliyyələşdirilməsinə çox çətinliklə vəsait ayırırdı.

Müstəqil dövlət quruculuğu dövründə həmin çətinlikləri xatırlayan ulu öndər Heydər Əliyev deyirdi: “...Hər bir yeni elektrik stansiyasını yaratmaq üçün Sovetlər İttifaqının dövlət büdcəsindən böyük vəsait ayırmaq, almaq lazım idi. Bunu da hər dəfə vermirdilər. Bəyan edirdilər ki, nə üçün siz yeni elektrik stansiyaları yaradırsınız, Sovetlər İttifaqının vahid elektrik enerjisi sistemi var, nə qədər istəyirsiniz, oradan elektrik enerjisi ala bilərsiniz. Ancaq biz irəliyə baxırdıq. Biz hesab edirdik, bu elə bir sahədir ki, gərək Azərbaycan burada öz müstəqilliyini, yəni asılı olmadığını təmin edə bilsin. Biz bunu təmin etdik”.

Ulu öndər Heydər Əliyev bütün şüurlu həyatını və genişmiqyaslı fəaliyyətini Azərbaycanın tərəqqisinə, xalqın istək və arzularının gerçəkləşməsinə həsr etmişdir. O, iki müxtəlif ictimai-siyasi quruluşda özünün liderlik istedadını sübuta yetirmiş, hər iki dövrdə respublikanı tənəzzül və böhrandan xilas edərək inkişaf yoluna çıxarmışdır.

Sovet dövlətinin ən qüdrətli vaxtında öz xalqının və ölkəsinin gələcək müstəqilliyini düşünən, respublikanı elektrik enerjisi asılılığından qurtarmaq üçün burada Cənubi Qafqazın ən iri istilik elektrik stansiyasının tikilməsinə nail olan müdrik və uzaqgörən rəhbərimiz, ümummilli lider Heydər Əliyev elə həmin dövrdə Azərbaycanın müstəqil elektrik enerjisi sisteminin təməlini qoymuşdur. Bu gün biz ulu öndərin elektrik enerjisi sektorunun inkişafındakı müstəsna xidmətlərini bir daha yada salır, öz cəsarəti və fədakarlığı ilə doğma vətənini, sözün həqiqi mənasında, nurlu, işıqlı bir diyara çevirməsini dərin ehtiramla və minnətdarlıq hissi ilə qeyd edirik.

Sovet dövründə ulu öndər Heydər Əliyevin siyasətinin əsas hədəfləri respublikada güclü iqtisadi potensial, hər bir sahədə milli kadr ehtiyatı yaratmaq, xalqı bugünkü müstəqilliyə hazırlamaq olmuşdur. Həmin dövrdə qazandığı nailiyyətlər sayəsində Azərbaycan keçmiş ittifaqda öz hesabına yaşayan iki respublikadan biri olmuşdur. Ulu öndər hərtərəfli sosial-iqtisadi inkişafın mühüm amili kimi elektrik enerjisi sistemini hər zaman diqqətdə saxlamış, onun gücləndirilməsi, təkmilləşdirilməsi üçün bütün zəruri tədbirləri görmüşdür.

Ötən əsrin 70-ci illərinin sonlarında respublikanın elektrik stansiyaları 15,4 mlrd. kVt-saat elektrik enerjisi istehsal edirdi. Sürətli inkişafda olan iqtisadiyyatın durmadan artan tələbatı Azərbaycanı qonşu respublikalardan 3-3,5 mlrd. kVt-saat elektrik enerjisi idxal etmək məcburiyyətində qoyurdu. Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda Şəmkir SES-in və “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) inşasına başlamaq üçün ulu öndər Heydər Əliyev keçmiş SSRİ hökumətinin rəhbərləri ilə danışıqlar apararaq bu stansiyaların tikintisinə razılıq almağa nail olmuşdur. Qırx il əvvəl tikilib istifadəyə verilmiş “Azərbaycan” İES, həmçinin 1971-ci ildə inşa edilimiş “Araz” Su Elektrik Stansiyası (SES), 1982-ci ildə istimara verilmiş “Şəmkir” SES indi də müstəqil dövlətimizin xidmətindədir.

Əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edən respublika idisə, 1982-ci ildə artıq elektrik enerjisi ixracatçısına çevrilmişdi.

Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistematik inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır. 330 kV-luq “Şirvan İES-Ağdam-Gəncə-Ağstafa”, “Şirvan İES-Yaşma-Dərbənd”, 220 kV-luq iki “Şirvan-Xırdalan” yüksək gərginlikli xətləri, həmçinin 330 kV-luq “Yaşma”, “Gəncə” və “Ağstafa” qovşaq yarımstansiyaları inşa edilib istismara verilmişdir. “Azərbaycan” İES-in inşası respublikanın enerji şəbəkəsinin inkişafında yeni mərhələnin başlanğıcı olmuş, nəticədə 500 kV-luq 1-ci və 2-ci “Abşeron”, 330 kV-luq 4-cü və 5-ci “Mingəçevir” və s. elektrik verilişi xətləri çəkilmiş, 1980-ci illərdə, həmçinin 500 kV-luq “Abşeron”, 330 kV-luq “İmişli”, 220 kV-luq “Hövsan”, “Nizami”, “Müşfiq”, “Səngəçal”, “Masallı”, “Ağsu”, “Babək” qovşaq yarımstansiyaları istismara verilmişdir.

Bununla belə, ölkəmizin müstəqillik yollarında üzləşdiyi çətinliklər vaxtilə elektrik enerjisi sektorunda da özünü göstərmişdir. Dövlət müstəqilliyinin bərpasından əvvəlki və sonrakı bir neçə ildə siyasi rəhbərliyin naşı və səriştəsiz şəxslərin əlinə keçməsi enerjisistemin mövcud potensialının zəiflədilməsi, generasiya güclərinin, ötürücü və paylayıcı şəbəkələrin istismar vəziyyətinin hədsiz dərəcədə pisləşməsi ilə nəticələnmişdi. Yalnız vətənpərvər energetiklərin öz peşələrinə sədaqəti və səylə çalışması sayəsində enerjisistemin tamamilə çökməsinin qarşısı alınmış və ulu öndər Heydər Əliyevin respublikada siyasi hakimiyyətə qayıdaraq, müstəqil dövlət quruculuğuna başlamasından sonra bu sistemin bərpası, mövcud potensialın təkmilləşdirilməsi, yarımçıq qalmış və yeni layihələrin icrası mümkün olmuşdur.

Xüsusən yeni neft strategiyasının həyata keçirilməsi, Xəzərdəki neft-qaz yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizə beynəlxalq etimadın göstərilməsi və xarici sərmayələrin gəlməsi elektrik energetikası sektoruna təsirsiz qalmadı. Respublikanın sosial-iqtisadi dirçəlişində bu sektorun strateji əhəmiyyət daşıdığını yaxşı bilən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xarici sərmayələrin cəlb edilməsi nəticəsində mövcud elektrik stansiyalarının yenidən qurulması və modernləşdirilməsi layihələri icra edildi, müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər müəyyənləşdirildi. İlk növbədə, köhnə elektrik stansiyalarının yenidən qurulması və yenilərinin inşa edilməsi ilə enerjisistemin generasiya imkanları artırıldı. Hələ sovet hakimiyyəti dövründə inşasına başlanmış 150 MVt gücündə Yenikənd SES-in tikintisinin yekunlaşdırılması və istismara verilməsi, Bakı İEM-də 2 müasir qaz turbininin quraşdırılması və 107 MVt həcmində yeni generasiya gücünün yaradılması, 400 MVt gücündə “Şimal” ES-in inşa edilib işə salınması məhz ulu öndər Heydər Əliyevin apardığı xarici siyasət sayəsində dünyanın qabaqcıl dövlətlərinin və beynəlxalq maliyyə qurumlarının Azərbaycana göstərdiyi dəstəyin nəticəsində mümkün oldu. İri beynəlxalq bankların kreditləri ilə yanaşı, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitləri hesabına elektrik enerjisi sektorunun maddi-texniki bazası yeniləşdirildi. Bununla yanaşı, enerjisistemin idarəçliyinin yeni iqtisadi münasibətlərin tələblərinə uyğun qurulması üçün mövcud dövlət şirkətinin bazasında səhmdar cəmiyyət təsis edildi, onun səmərəli fəaliyyəti üçün lazımi şərait yaradıldı.

1993-2003-cü illərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində enerjisistemin qarşısında duran bir çox məsələlər öz həllini tapmışdır. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə enerjisistemin dirçəldilməsi istiqamətində görülən işlər nəticəsində 700 MVt-dan artıq yeni generasiya gücü yaradılıb istifadəyə verilmişdir.

Möhkəm bünövrə üzərində qurulmuş Azərbaycan dövləti bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı inkişaf yolundadır. Bu inkişafı təmin edən xalq-iqtidar birliyidir. Aprelin 11-də keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi bir daha göstərdi ki, Azərbaycan xalqı Heydər Əliyev ideyalarına sadiqdir, bu ideyaları ardıcıllıqla və qətiyyətlə həyata keçirən lider kimi cənab İlham Əliyevi tam dəstəkləyir.

Ulu öndərin başladığı işlər, bütün sahələrdə olduğu kimi, elektrik energetikası sektorunda da uğurla davam etdirilir. Cənab Prezident

İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son 15 ildə ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşdırılmış, böyük infrastruktur layihələri icra edilmişdir. Özünün andiçmə mərasimində bu barədə danışarkən cənab Prezident son 15 il ərzində 30-dan çox elektrik stansiyasının tikildiyini, onların generasiya gücünün 3900 meqavata bərabər olduğunu qeyd etdi və bildirdi ki, hazırkı ümumi generasiya gücümüz təqribən 6,5 min meqavat təşkil edir ki, onun da 3,9 min meqavatı 15 il ərzində yaradılmış, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir.

Bu nailiyyətlər enerjisistemdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanmış, müasir və innovativ texnologiyaların tətbiqi ilə əlamətdar olan, sürətli iqtisadi yüksəlişin tələbatını ödəməyə istiqamətlənmiş yeni inkişaf mərhələsinin diqqətəlayiq nəticələridir. 2003-2017-ci illərdə hər birinin gücü 87 MVt olan “Astara”, “Şəki”, “Xaçmaz”, “Naxçıvan”, 105 MVt gücündə “Bakı”, “Şahdağ”, gücü 300 MVt olan “Səngəçal”, 525 MVt gücündə “Sumqayıt”, 780 MVt gücündə “Cənub” elektrik stansiyaları, 5 MVt gücündə “Vayxır”, 22 MVt gücündə “Biləv”, hər biri 25 MVt gücündə “Füzuli”, “Taxtakörpü” və “Şəmkirçay”, 20,5 MVt gücündə “Arpaçay-1”, 3,1 MVt gücündə “Göyçay”, 1,4 MVt gücündə “Arpaçay-2”, 3,2 MVt gücündə “İsmayıllı”, “Balakən” və 3 MVt gücündə “Çiçəkli” stansiyaları istismara verilmişdir. “Azərbaycan” İES-də, Mingəçevir SES Silsiləsində modernləşdirmə istiqamətli əsaslı yenidənqurma işləri həyata keçirilmişdir.

Ötən dövr ərzində “1-ci, 2-ci Mingəçevir EVX-nin yenidənqurulması” layihəsi çərçivəsində gücü 360 MVA olan 220 kV-luq “Ağdaş” yarımstansiyasının (YS), 220 kV-luq ikidövrəli “Mingəçevir SES - AbşeronYS” HX-nin tikintisi və 500 kV-luq “Abşeron” yarımstansiyasında 400 MVA gücündə 3-cü avtotransformatorun quraşdırılması və sxemə qoşulması üzrə işlər başa çatdırılmış, 330 kV-luq “Goranboy” paylayıcı məntəqəsi istifadəyə verilmişdir. 220 kV-luq “Şimal ES-Hövsan YS” hava xəttinin tikintisi, gücü 360 MVA olan 220 kV-luq “Zabrat” yarımstansiyasının inşası, 220 kV-luq ikidövrəli “Şimal ES-Zabrat YS-Sumqayıt ES” hava xəttinin tikintisi layihəsi də icra edilmiş, bu infrastruktur obyektləri şəbəkəyə qoşulmuşdur. Ötürücü infrastrukturun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər isə enerjisistemin dayanıqlılığını möhkəmləndirməklə yanaşı, regional əməkdaşlıq və kommersiya əlaqələri üçün texniki imkanların genişləndirilməsinə də şərait yaratmışdır.

Dövlət başçısının rəhbərliyi ilə aparılan mükəmməl iqtisadi siyasət və məqsədyönlü islahatlar nəticəsində elektrik energetikası sektorunda əldə edilən nailiyyətlər nə qədər fərəhləndirici olsa da, qarşıda mühüm və təxirəsalınmaz vəzifələr durur. Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezident bir sıra həlli vacib məsələlərlə bağlı tapşırıqlar da vermişdir.

Bu tapşırıqlardan birincisi “Şimal” Elektrik Stansiyasında ikinci enerji blokunun tikintisinin bu il başa çatdırılması barədədir. Hazırda stansiyada tikinti işlərinin tam başa çatdırılması üçün zəruri tədbirlər həyata keçirilir, tikinti-quraşdırma, sazlama işləri aparılır. Eyni zamanda stansiyanı enerjisistemlə əlaqələndirən 220 kV-luq ikidövrəli elektrik verilişi xətlərinin çəkilişi və s. işlər tam başa çatdırılmışdır. İlin sonuna kimi “Şimal” Elektrik Stansiyası tam gücü ilə istismara veriləcəkdir.

Cənab Prezidentin tapşırığına əsasən, ölkənin inkişaf tempi, əhalinin artımı, sənayeləşmə prosesi nəzərə alınmaqla sonrakı dövrdə generasiya güclərinə tələbatın müəyyənləşdirilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə növbəti 5-10 il ərzində kifayət qədər elektrik enerjisi təchizatını həyata keçirmək üçün planlaşdırılan investisiyalarla yanaşı, istehsal həcmini 1000 MVt artırmaq məqsədilə investisiya qoyuluşları ediləcəyi nəzərdə tutulmuşdur. Bu investisiyalar hesabına mövcud istehsal gücünün 2015-2020-ci illər arasında 19 faiz artması gözlənilir ki, bu da, istehlakda davamlı sabit artımın olacağı təqdirdə, təhlükəsiz ehtiyat gücünü təmin edəcək səviyyə kimi səciyyələndirilir.

Bu baxımdan, 2020-ci il və ondan sonrakı dövr üçün elektrik enerjisinə olan ehtiyacı ödəmək məqsədilə yeni elektrik stansiyalarının tikintisi və mövcud elektrik stansiyalarında yenidənqurma işlərinin aparılması üzrə layihələrin icrası xüsusi əhəmiyyət kəsb edir. Son illərdə respublikamızda kiçik su elektrik stansiyalarının tikintisi də geniş vüsət almışdır. Artıq yeni tikilən bir neçə su elektrik stansiyası uğurla fəaliyyət göstərir.

Bununla yanaşı, mövcud generasiya güclərinin qorunub saxlanması və təkmilləşdirilməsi, həmçinin istismarda olan avadanlıq və qurğuların cari, planlı və əsaslı təmirlərinin vaxtında həyata keçirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir.

Yeni sənayeləşmə dövrünün başlanması, müasir tipli neft-kimya, nəqliyyat-logistika, gəmiqayırma müəssisələrinin yaradılması, xüsusən Bakıda çoxsaylı tikinti-abadlıq layihələrinin icra edilməsi, müntəzəm olaraq beynəlxalq əhəmiyyətli və irimiqyaslı tədbirlərin keçirilməsi, Sumqayıt şəhərində və Abşeron rayonunda yeni yaşayış, istirahət və turizm komplekslərinin salınması bu regionda elektrik enerjisi təchizatı ilə bağlı bir sıra həlli vacib vəzifələri ortaya çıxarmışdır.

Qarşıdakı dövrdə əsas sənaye mərkəzi kimi Bakı şəhəri və ümumilikdə Abşeron yarımadasında dayanıqlı elektrik təchizatı üçün zəruri infrastruktur da yaradılmalıdır. Bu baxımdan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2018-2020-ci illərdə Bakı şəhərində 220 kV-luq üç yarımstansiyanın inşası haqqında” 7 aprel 2017-ci il tarixli sərəncamı mühüm əhəmiyyət kəsb edir. Həmin yarımstansiyaların, onları qidalandıran və Bakı şəhərinin yerli paylayıcı şəbəkələri ilə birləşdirən elektrik verilişi xətlərinin cari ildə inşasına başlanması gözlənilir.

Son illərdə enerjisistemin generasiya imkanlarının artması nəticəsində yaranmış ixrac potensialından səmərəli istifadə edilməsi istiqamətində işlər davam etdirilir və öz müsbət nəticəsini verir. Məlum olduğu kimi, bu günlərdə elektrik enerjisinin alqı-satqısının təmin edilməsi barədə İranla müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, cari ilin iyun ayından etibarən təcrid olunmuş (ada) rejimdə İranın Muğan və Astara bölgələri üçün “Azərenerji” ASC-dən elektrik enerjisinin ixracı prosesinə başlanılacaqdır.

Bundan başqa, “Şimal-Cənub” enerji dəhlizinin yaradılması məqsədilə Azərbaycan-İran-Rusiya, “Şərq-Qərb” enerji dəhlizinin yaradılması məqsədilə Rusiya-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan-Gürcüstan enerji sistemlərinin birləşdirilməsi üzrə məsələlərin həlli istiqamətində də lazımi işlər aparılır.

Hazırda Azərbaycan Türkiyənin elektrik enerjisi bazarında etibarlı tərəfdaş kimi cox əhəmiyyətli bir mövqeyə malikdir. Türkiyəyə elektrik enerjisinin ixracı və onun mütəmadi olaraq artırılması cənab Prezidentin qarşımızda əvvəlki illərdə qoyduğu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı olmuşdur və hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir. Çox əlamətdar bir haldır ki, bu ildən Türkiyə vasitəsilə Yunanıstana elektrik enerjisinin ixracı təmin olunur. Türkiyə vasitəsilə Bolqarıstana elektrik enerjisinin ixracı istiqamətində də artıq danışıqlara başlanmışdır.

Ümid edirik ki, enerjisistemin generasiya gücünün artırılması və ötürücü infrastrukturun modernləşdirilməsi istiqamətində həyata keçirəcəyimiz təxirəsalınmaz tədbirlər bizə, ölkəmizin əlverişli çoğrafi mövqeyindən səmərəli istifadə etməklə, elektrik enerjisi tranziti və ixracı üzrə bölgədə aparıcı rola sahib olmaq imkanı verəcəkdir.

Ulu öndər Heydər Əliyev Azərbaycanda elektrik enerjisi sektorunun kadr potensialının yerli mütəxəssislər hesabına möhkəmləndirilməsinə daim xüsusi diqqət yetirirdi. Müdrik rəhbərimiz 2002-ci ildə Yenikənd SES-in açılış mərasimindəki nitqində keçmiş illəri xatırlayaraq demişdi: “Bilirsiniz, keçmişdə elektrik stansiyalarının, o cümlədən də su elektrik stansiyalarının inşasına, quraşdırma və başqa işlərə adətən Rusiyadan, digər respublikalardan bir çox mütəxəssislər dəvət edilirdi. Belə bir təsəvvür var idi ki, bu işləri onlarsız görmək olmaz... Amma indi bu sahədə də bizim məhz o illərdə əldə etdiyimiz təcrübələr, hazırladığımız kadrlar, elektrik stansiyalarının tikilməsində ixtisaslaşmış inşaatçı kadrlar - quraşdırıcılar, qaynaqçılar, mühəndislər, texniklər - bizim milli kadrlarımız yaranıbdır... İndi bu, bizim ən böyük nailiyyətimizdir”. Ulu öndərin bu sahədə də başladığı işlər uğurla davam etdirilir. Son illərdə yerli mütəxəssislərimiz ən mürəkkəb texnologiyalara malik elektroenergetika qurğularının inşasında, quraşdırılmasında və istismar edilməsində yüksək peşəkarlıq göstərirlər.

Ulu öndər Heydər Əliyev özünəməxsus müdrikliklə Azərbaycanın dünyaya bir günəş kimi doğacağını deyir və ardıcıllarının onun başladığı müstəqil dövlət quruculuğunu uğurla apararaq respublikamızı ən yüksək inkişaf səviyyəsinə yüksəldəcəyinə inanırdı. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə gedir və bu yol xalqımızı inkişafa, rifaha, qələbələrə aparır!

 

Etibar PİRVERDİYEV,

“Azərenerji” ASC-nin prezidenti

 “Azərbaycan” qəzeti, 09 May 2018-ci il