ŞƏMKİR SESS: TEXNİKİ TƏDBİRLƏR GÖRÜLÜR

Image

Respublika istehlakçılarının elektrik enerjisi ilə təmin edilməsində ölkədə fəaliyyət göstərən su elektrik stansiyalarının (SES) rolu əvəzsizdir. Bu baxımdan sözügedən obyektlərin tam gücü ilə fəaliyyət göstərməsi əsas şərtlərdəndir. Belə obyektlərdən biri də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü, gərgin əməyi və bilavasitə yaxından iştirakı ilə ərsəyə gələn, qərb bölgəsinin enerji təchizatında özünəməxsus payı və rolu olan Şəmkir Su Elektrik Stansiyaları Silsiləsidir.

Müəssisədən cari ilin I yarımilliyi üzrə texniki-iqtisadi göstəricilər barəsində «Azərenerji » ASC-nin Mətbuat xidmətinə verdiyi məlumatda belə qeyd edilir.

Onun bildirdiyinə görə, cari ilin iyun ayında silsilə üzrə125,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edilən həcmdən 90 milyon kilovatsaatdan çoxu Şəmkir SES-in, qalanı isə Yenikənd SES-in payına düşür.

Qeyd edək ki, cari ilin 6 ayı ərzində burada 664,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. O cümlədən, Şəmkir SES-də 458 milyon kilovatsaatdan artıq,  Yenikənd SES-də isə 206,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Yeri gəlmişkən, digər enerji obyektləri kimi adıçəkilən obyektdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Qurğu və avadanlıqlar saz vəziyyətdədir. Silsilədə yaz-yay sel sularının ötürülməsində heç bir problem yoxdur. Hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Xatırladaq ki, silsiləyə “Şəmkir” və “Yenikənd” SES-ləri daxildir.