XAÇMAZ REŞ: YENİDƏNQURMA İŞLƏRİ APARILMIŞDIR
Respublikamızın şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının lazımi səviyyədə təmin olunmasında Xaçmaz Regional Elektrik Şəbəkəsinin (REŞ) özünəməxsus yeri və rolu var.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən REŞ-in balans mənsubiyyətinə aid olan bütün şəbəkələrdə istismar səviyyəsinin daha da yüksəldilməsi üçün cari ilin ötən beş ayı ərzində təxirəsalınmaz tədbirlər həyata keçirilmiş və hazırda da davam etdirilir. Belə ki, 110 kV-lik Quba yarımstansiyasının ərazisində 35 kV-lik qapalı paylayıcı quruluşun (QPQ) yenidənqurulması işləri aparılmışdır. Eyni zamanda 1 və 2 saylı 40 MVA transformatorlar, 110 kV-lik eleqaz açarları, xətt ayrıcıları və digər avadanlıqlar, həmçinin 35 kV-lik Qonaqkənd hava xəttinin (HX) vakkum açarı təmir edilmişdir. Siyəzən – Broyler yarımstansiyasında isə gücü 10 MVA olan 2-ci transformator və 10 kV-lik yuva quraşdırılmışdır. Eyni zamanda 10 kV-lik QPQ-nin və çıxışı 10 kV-lik HX-nin yenidən qurulması işləri aparılmışdır.
Yeri gəlmişkən, sözügedən dövrdə 110 kV-lik Qusar yarımstansiyasının da genişləndirilməsi ilə yenidənqurulması işləri aparılmışdır və hazırda işlər davam etdirilir.
Mənbə onu da bildirdi ki, 110 kV-lik Xaçmaz yarımstansiyasında 1 və 2 saylı 25 MVA transformatorlar, 110 kV-lik eleqaz açarları, cərəyan transformatorları, eyni gərginlikli 1-ci və 2-ci şin ayrıcıları və digər avadanlıqlar, həmçinin 110 kV-lik 1-ci Qusar, 3-cü – 8-ci Xaçmaz HX-lərin eleqaz açarları da təmir edilərək normal iş rejiminə gətirilmişdir. Siyəzən yarımstansiyasında isə 35 kV-lik 2-ci şin sistemində müasir tipli yeni gərginlik məhdudlaşdırıcıları quraşdırılmış, 1-ci şin sistemində isə gərginlik transformatorları yenisi ilə əvəzlənmişdir. Xaçmaz yarımstansiyasında olduğu kimi burada da analoji təmir işləri həyata keçirilmişdir.
Qeyd edək ki, sözügedən dövrdə 110 kilovoltluq Xudat, Qusar, Şabran, 35 kV-lik Cağar, Zeyxur, Əcəxur və digər yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri həyata keçirilərək onların dayanıqlığı daha da möhkəmləndirilmişdir.
Mənbə onu da qeyd etdi ki, sözügedən dövrdə yenidən qurma və təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan HEVX-lərindən də yan ötməmişdir. Belə ki,
330 kV-lik Xaçmaz, Dərbənd, 110 kV-lik Xaçmaz, Siyəzən, Xudat-Yalama və digər bir neçə xəttdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Ümumiyyətlə, sözügedən dövrdə 35 kV-lik və ondan yuxarı gərginlikli HEVX-nin 62,4 km-ə yaxın hissəsində təmir və bərpa işləri aparılmışdır. Eyni zamanda dayaqlara yuxarıdan baxış keçirməklə müvafiq istismar işləri və HX-lərin trassaları boyu hündür ağacların budanması işləri aparılmışdır. Bütün bunlarla yanaşı 110 kV-lik Xudat-Yalama HEVX-də 8 ədəd anker və bir ədəd aralıq dayaq yeni metal dayaqlarla, həmin dayaqlar arası naqillər isə daha yüksək ötürücü qabiliyyətinə malik naqillə əvəz edilmişdir. 35 kV-lik Əcəxur HX-də isə 5 ədəd anker və bir ədəd aralıq dayaq yeni metal dayaqlarla əvəzlənmişdir.
Eyni zamanda, perspektiv inkişafla əlaqədar Qusar rayonunun tələbatçılarının daha da keyfiyyətli və dayanıqlı elektrik təchizatı məqsədilə 110 kV-lik Qusar yarımstansiyasından 35 kV-lik eyni adlı yarımstansiyanı qidalandıracaq uzunluğu 6 kilometrə yaxın olan iki dövrəli HX-nin tikintisi işləri aparılmış, hazırda bu elektrik verilişi xəttinin kabel xətti ilə çəkiləcək hissəsində işlər davam etdirilir.
Onu da bildirmək yerinə düşərdi ki, hazırki iqlim şəraitini nəzərə alaraq və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yarımstansiyalarda olan ilkin yanğınsöndürmə balonları təftiş olunmuş, aşkar edilmiş qüsurlar aradan qaldırımışdır. HX-lərin taxıl sahələrindən keçən hissələrində dayaqların ətrafı təmizlənmiş və digər qabaqlayıcı tədbirlər görülmüşdür.
Sonda onu da qeyd edək ki, müəssisə üzrə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına da ciddi əməl olunur. Xidməti ərazinin fərqli iqlimə və relyefə malik olması istismar heyəti üçün müəyyən risklərlə müşahidə edilir. Bunu nəzərə alaraq, istənilən əməliyyatın həyata keçirilməsindən qabaq texniki heyət təlimatlandırılır və işçilər lazımi mühafizə dəstləri ilə təmin olunurlar.