ENERJİSİSTEMİNDƏ ƏLAVƏ GÜCÜN ƏLDƏ EDİLMƏSİNƏ NAİL OLUNUB

Image

“Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış Reablitasiya Proqramı” çərçivəsində yaxın perspektivdə bütün enerji istehsalı müəssələrinin faydalı iş əmsalının yüksəldilməsi nəzərdə tutulur.

“Azərenerji” ASC-nin həyata keçirdiyi ardıcıl və sistemli tədbirlər, köklü dəyişikliklər fonunda enerjisisteminin müstəqillik dövründə tikilib istifadəyə verilmiş ikinci ən böyük generasiya gücünə malik elektrik stansiyası - 780 MVt-lıq “Cənub” ES-in qoyuluş gücü ilə faktiki istehsal gücünün uyğunsuzluğu aradan qaldırılır. Belə ki, görülən texniki tədbirlər nəticəsində elektrik stansiyasının istehsal gücü 700 MVt-a çatdırılmışdır.

Stansiyanın 2 saylı Qaz Turbinin İsti qaz yolunun təmiri işləri aparılmış, isti qaz yolları, yanma kamerası təftiş olunmuş, turbinin I, II, III saylı işçi kürəkləri yeniləri ilə əvəz olunmuşdur. Təftişin sonunda qaz turbini yuyulmuşdur.

25.11.2018-ci il tarixdə  2 saylı Qaz Turbin müvəfəqiyyətlə  işə qoşulmuş, Qaz Turbin dispetçer yük qrafikinə uyğun olaraq yüklənmişdir. Digər qaz turbinlərdə də aparılmış bəzi əməliyyatlar, o cümlədən çıxış tüstü qazlarının temperaturunun qaldırılması nəticəsində stansiyanın ümumi yükü, dispetçer yük tənzimləməsi rejiminə uyğun olaraq 700 MVT-a çatdırılmışdır.

Aparılmış təmir işləri və digər texnoloji əməliyyatlar, stansiyanın texniki iqtisadi göstəricilərinə də müsbət təsir göstərmişdir. Belə ki, elektrik enerjisinin xüsusi sərfi 4.00% normaya qarşı, 3.5%-ə salınmış, yanacağın xüsusi sərfi isə 245 qr/kvts normaya qarşı 239 qr/kvts-a salınmışdır.

Belə uğurlu texniki tədbirlər “Azərenerji” ASC tərəfindən davamlı olaraq digər elektrik stansiyalarda da həyata keçirilməkdədir.