SUMQAYIT ES: REAL İŞLƏRİN NƏTİCƏSİ

Image

Ölkəmizdə ardıcıl və sistemli şəkildə atılan bütün addımlar iqtisadiyyatın digər sahələri kimi elektrik enerji sisteminin də davamlı və tarazlı inkişafına müsbət təsir göstərmişdir.  Enerjidən istifadənin ətraf mühitə mənfi təsirini azalda biləcək layihələrin işlənib hazırlanması daha mühüm əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkələri bu problemin həlli ilə əlaqədar maraqlı tədbirlər həyata keçirirlər. Respublika elektrik enerjisi sistemində də bu istiqamətdə məqsədyönlü tədbirlər görülür. Belə ki, respublikanın ikinci sənaye şəhəri olan Sumqayıtda belə layihələrdən biri, ümumi gücü 525 MVt olan “Sumqayıt” elektrik stansiyasıdır. Bu stansiya iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin etmişdir. Bundan əlavə enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var. Stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  sözügedən stansiyada cari ilin 5 ayı ərzində 1 milyard 91,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki-istehsalat göstəriciləri üzrə də yüksək nəticələr əldə edilmişdir.

Yeri gəlmişkən, cari ilin may ayında burada 75.1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

“Stansiyanın avtomatik idarə olunma sisteminin müasir rəqəmsal texnologiya əsasında qurulması istismar prosesinin asanlaşdırılmasına və keyfiyyətin artırılmasına xidmət edir” – deyən mənbə onu da qeyd etdi ki, enerjisistemin 2015/2016- cı il payız-qış mövsü­mü­nə hazırlıq tədbirləri çərçivəsində müəssisədə cari ilin son 3 ayı ərzində nəzərdə tutulmuş bütün tədbirlər vaxtında həyata keçirilib. Avadanlıqlara vaxtlı-vaxtında qrafik üzrə texniki xidmət göstərilmişdir. Görülən tədbirlər isə, heç şübhəsiz ki, qarşıdakı payız-qış mövsümündə elektrik enerjisinə artan tələbatın təmin olunmasına əhəmiyyətli təsirini göstərəcəkdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda sözügedən dövrdə bir sıra yanğın texniki tədbirlər həyata keçirilmişdir.

Xatırladaq ki, hər birinin gücü 164 meqavat olan iki ədəd qaz turbinləri və gücü 189 meqavat olan bir ədəd buxar turbini quraşdırılmış bu stansiyada dünya standartlarına cavab verən ən müasir avadanlıqlar quraşdırılmışdır. Elektrik stansiyasında istehsal olunan elektrik enerjisini enerji sistemə ötürmək üçün hər birinin uzunluğu 6,5  kilometrə yaxın olan iki ədəd 220 kilovoltluq "Sənaye qovşağı" və "Yaşma" hava xətləri çəkilərək istismara verilmişdir. Bu elektrik stansiyası Təmiz İnkişaf Mexanizmi prinsipi ilə istismar olunur və 2010-cu ilin oktyabrın 15-də Birləşmiş Millətlər Təşkilatı tərəfindən respublika üzrə ilk dəfə olaraq qeydiyyata alınmışdır.