AZƏRBAYCAN İES: TEXNIKI-IQTISADI GÖSTƏRICILƏR YÜKSƏKDIR
Respublikamızın enerji nəhəngi sayılan Azərbaycan İstilik Elektrik Stansiyasında (İES) həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində texniki-iqtisadi göstəriciləri daha da yüksəlmişdir. Həmişə olduğu kimi cari ildə də enerji blokları və avadanlıqların dayanıqlı və qənaətli iş rejimi təmin olunmuş, dispetçer qrafikinə uyğun elektrik enerjisi istehsalı proqnozları yerinə yetirilmiş, əsas avadanlıqların zədələnməsinə və sıradan çıxmasına səbəb olacaq qəza və imtina hallarına yol verilməmişdir.
Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisədə texniki-iqtisadi göstəricilər üzrə verilmiş proqnoz tapşırıqları tam həcmdə yerinə yetirilib. İlin əvvəlindən bəri burada istehsal edilən elektrik enerjisi 3,1 milyard kilovat-saatdan çox olub. May ayında isə energetiklər 347, 2 milyon kilovat-saat elektrik enerjisi istehsal ediblər.
2015-ci ilin 5 ayı ərzində stansiyada elektrik enerjisinin xüsusi sərfiyyatında qənaət əldə edilib. May ayı ərzində enerji blokları və avadanlıqların dayanıqlı və fasiləsiz işinin təmin olunması məqsədilə onlarda nəzərdə tutulmuş profilaktiki yoxlama işləri aparılıb, ikinci enerji blokunda isə əsaslı təmir işləri davam etdirilib.
Mənbədən onu da bildirdilər ki, respublika enerji sisteminin bütün sahələrində olduğu kimi burada da avadanlıqların keyfiyyətli istismarının təşkil olunması, enerji istehsalı üzrə dispetçer göstərişlərinin yerinə yetirilməsi, qəza və imtinaların sayının minimuma endirilməsi məqsədilə bütün zəruri tədbirlər ardıcıllıqla həyata keçirilib. Hal-hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyətini davam etdirir və sutka ərzində dispetçer yük qrafikinə uyğun 10-12 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir.
Sonda onu da qeyd edək ki, burada da yay mövsümünə hazırlıqla əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Bununla əlaqədar olaraq stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar aradan qaldırılır.