GÖRKƏMLI ALIMIN XATIRƏSI UNUDULMUR
Azərbaycanda elektroenergetika sahəsində elmi tədqiqatların başlanmasında, xüsusən, hidroenergetika istiqamətində məqsədyönlü elmi araşdırmaların aparılmasında, hidroqovşaqların və su elektrik stansiyalarının layihələndirilmsində müstəsna xidmətlər göstərmiş texnika elmləri doktoru, Əməkdar elm və texnika xadimi, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki İosif Qavriloviç Yesmanın vəfatından 60 il keçir.
“Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, vaxtilə İ.Q.Yesmanın rəhbərlik etdiyi və onun adını daşımış Azərbaycan EA Energetika İnstitutunun varisi olan Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Energetika İnstitutunda alimin xatirəsi daim ehtiramla yad edilir.
Özünün tükənməz istedadı ilə elm xəzinəsinə böyük töhfələr vermiş İ.Q.Yesman Cənubi Qafqaza ilk dəfə 1917-ci ilin ortalarında, layihəsini özü tərtib etdiyi hidroelektrik stansiyasının Tbilisidə inşasına nəzarət etmək üçün göndərilib, Rusiyada bolşevik inqilabının qələbəsindən sonra isə taleyini həmişəlik Qafqaza bağlayıb.
İndiki Azərbaycan Dövlət Neft Akademiyasının ilk professorlarından olan İ.Q.Yesman bir müddət bu ali təhsil müəssisəsinə rəhbərlik edib. Hidroenergetika sahəsində elmi tədqiqatların təşəbbüsçüsü kimi o, Tbilisidə və Bakıda hidroenergetika institutlarının yaradılmasının, həmçinin enerji mənbələrindən istifadə üzrə layihələrin hazırlanmasının fəal iştirakçısı olub.
1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı yaradılarkən burada Energetika sektoruna rəhbərlik İ.Q.Yesmana tapşırılıb. Energetika sektorunun fəaliyyəti respublikanın su-energetika resurslarının təyin olunmasına, onların enerjisistemdə effektiv istifadəsi üçün metodların işlənməsinə, enerjisistemin xüsusi rejimlərinin öyrənilməsi və onların hesabat metodlarının işlənməsinə, neft sənayesinin energetika və avtomatika məsələlərinə, ideal qazdan az fəqlənən qazların termodinamikasının tədqiqinə və neft karbohidrogenlərinin və onların fraksiyalarının ümumiləşmiş hal tənliklərinin işlənməsinə yönəldilmişdi.
SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə Azərbaycan Elmlər Akademiyası təşkil ediləndə onun 15 həqiqi üzvündən biri də professor İ.Q.Yesman olur.
Görkəmli alimin gərgin zəhməti hesabına təşkil edilmiş Energetika sektorunun bazasında 1941-ci ildə Azərbaycan Elmlər Akademiyasının Elmi-Tədqiqat Energetika İnstitutu (ETEİ) yaradılıb. Ömrünün sonunadək bu instituta rəhbərlik edən İ.Q.Yesman daim yüksək nəzəri məsələlərin qoyuluşu ilə xalq təsərrüfatının cari məsələlərinin praktiki həllini uyğunlaşdırmağa nail olub.
1953-cü ildə alimin anadan olmasının 75, elmi-texniki və pedaqoji fəaliyyətinin 50 illik yubileyində Azərbaycan SSR Elmlər Akademiyasının Energetika İnstitutuna onun adı verilib. Bu gün “Azərenerji” ASC-nin strukturuna daxil olan Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu həmin elm müəssisəsinin varisidir.
Azərbaycanın elm tarixində özünəməxsus yeri olan akademik İosif Qavriloviç Yesman 30 iyun 1955-ci ildə Bakı şəhərində vəfat edib. Alimin unudulmaz xatirəsini Azərbaycanın elmi-texniki ictimaiyyəti, həmçinin energetiklər daim ehtiramla yad edirlər.
Hazırda Milli Elmlər Akademiyasının yaradılmasının 70 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda respublikamızın ilk akademiklərindən olmuş professor İ.Q.Yesmanın elmi irsinin tarixi kontekstdə araşdırılması istiqamətində işlər aparılır, alimin həyat və fəaliyyətinə həsr olunmuş kitab hazırlanır.
Xatırladaq ki, İ.Q.Yesman 1868-ci ilin dekabr ayının 1-də Belorusiyanın kiçik Bileyko şəhərində anadan olub. 1887-ci ildə Sankt-Peterburq Texnologiya İnstitutuna daxil olub, 1892-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib.