AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİR

Image

Enerjitəchizatı müəssisələrinin elektrik enerjisinə olan tələbatının daha da dayanıqlı və keyfiyyətli şəkildə ödənilməsi məqsədilə həyata keçirilən yenidənqurma və təmir işləri uğurla davam etdirilir. “Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  “Şəmkir SES Silsiləsi”ndə də həmişə olduğu kimi cari ilin son üç ayında da avadanlıqlara texniki xidmət hər iki stansiyada işbilən və bacarıqlı mütəxəssislər tərəfindən aparılmışdır. Xidmətlər yerli və zavod təlimatlarının tələblərində göstərilmiş normada icra olunur. Bütün avadanlıqlar diqqətdə saxlanılır.

Mənbəyə istinadən qeyd edək ki, sözügedən stansiyada cari ilin may ayında ümumilikdə 217 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bundan da 153.8 milyon kilovatsaatı silsilənin birinci pilləsi sayılan Şəmkir SES-də, qalanı isə Yenikənd SES-də istehsal edilmişdir.

Qeyd edək ki, cari ilin 5 ayı ərzində silsilənin birinci pilləsi sayılan Şəmkir SES-də 368 milyon kilovatsaatdan artıq, Yenikənd SES-də isə 170,3 milyon kilovatsaat, ümumilikdə silsilə üzrə 538,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

“Digər enerji obyektləri kimi adıçəkilən obyektdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir” – deyən mənbə onu da bildirdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Yeri gəlmişkən, silsilədə yaz-yay sel sularının qəbulu və ötürülməsi işləri normaldır.

Onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur.

Xatırladaq ki, hazırda alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması baxımından xüsusilə aktualdır. Ümumiyyətlə, respublika istehlakçılarının elektrik enerjisi ilə təmin edilməsində, o cümlədən pik gücləri baxımından ölkədə fəaliyyət göstərən su elektrik stansiyalarının (SES) rolu əvəzsizdir.  Bu baxımdan “Şəmkir” və “Yenikənd” SES-ləri daxil olan Şəmkir Su Elektrik Stansiyaları Silsiləsinin qərb bölgəsinin enerji təchizatında, eyni zamanda pik güclərinin artırılmasında özünəməxsus payı və rolu var.