XAÇMAZ ES: TEXNİKİ QULLUQ QRAFİKƏ UYĞUN APARILIR

Image

Ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi islahatlar iqtisadiyyatın bütün sahələrində real nəticələr vermişdir. O cümlədən, ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş Xaçmaz elektrik stansiyası respublikanın şimal bölgəsinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılmasında böyük rola malik olmuşdur. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, eyni zamanda sistemin dayanıqlığının artırılmasında da əhəmiyyətli rol oynayır. Stansiyada texniki istismar səviyyəsinin yüksəldilməsi, avadanlıqların təhlükəsiz və qənaətli işləməsini təmin etmək məqsədi ilə nəzərdə tutulmuş tədbirlər müntəzəm olaraq yerinə yetirilir, o cümlədən vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Məhz onun nəticəsidir ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin may ayında 15 milyon kilovatsaatdan artıq, cari ilin 5 ayı ərzində isə 114,7 milyon kilovatsaatdan çox elektrik enerjisi istehsal edilmişdir.

Onu da bildirmək istəyirik ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində sözügedən dövrdə elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.

Mənbədən əldə etdiyimiz məlumata görə, stansiyada texniki istismar səviyyəsini yüksəltmək, avadanlıqların təhlükəsiz və qənaətli işləməsini təmin etmək məqsədi ilə nəzərdə tutulmuş tədbirlər müntəzəm olaraq yerinə yetirilir. Cari ilin son üç ayı ərzində dörd aqreqatda növbəti istismar həddinə uyğun texniki xidmət işləri həyata keçirilmiş, o cümlədən onların köməkçi avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri də aparılmışdır. Rele mühafizəsi və qəza əleyhinə qarşı avtomatik qurğularda təftiş edilmiş, eyni zamanda transformatorlara, eleqaz açarlarına baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və digər təyinatlı sazlama işləri də aparılmışdır.

“Yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanmasını tələb edir. Bu məqsədlə də qabaqlayıcı tədbirlər həyata keçirilir” - deyən mənbə onu da bildirdi ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğın təhlükəsizliyi vəziyyətinə baxış keçirilmiş, o cümlədən yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda yanğınsöndürmə su sisteminin boruları və onun armaturları da yoxlanılmış, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır.

Sonda onu da qeyd edək ki, əməlyyat heyətinin işinə nəzarəti gücləndirmək, onların bilik səviyyəsini artırmaq məqsədilə bütün növ təlimatlar keçirilmiş, bilik yoxlamaları aparılmış və əks qəza məşqləri keçirilmişdir.

Xatırladaq ki, ümumi gücü  87 MVt olan bu elektrik stansiyası  10 aqreqatdan ibarətdir.