“MİNGƏÇEVİR REŞ”: TƏMİR İŞLƏRİ APARILIR

Image

Digər enerji obyektlərində olduğu kimi “Mingəçevir REŞ”in də  xidməti ərazilərində enerjitəchizatı müəssisəsinin daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işləri yerinə yetirilir, o cümlədən itkilərin azaldılması  istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Respublikanın enerji sistemi üçün son dərəcə strateji əhəmiyyətə malik olan I və II “Abşeron”, 1-ci, 2-ci və 6-cı “Mingəçevir” və “Qəbələ” elektrik verilişi xətləri (EVX) xüsusi diqqət mərkəzindədir.  Bu hava xətlərinin metal dayaqları müəssisənin xətt işçiləri tərəfindən mütəmadi təftiş edilir və aşkar edilmiş nasazlıqlar təcili aradan qaldırılır.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin ötən aylarında sözügedən REŞ-in balans mənsubiyyətinə aid olan 110 kV-lik “Şəhər” yarımstansiyasında 35 kV-lik “Şəhər-Karxana” hava xəttinin eyni gərginlikli 2-ci dövrəsinin çəkilməsi ilə əlaqədar olaraq onun dövrə qoşulması məqsədilə müvafiq avadanlıqlar quraşdırılmışdır. Yeri gəlmişkən, analoji işlər 35 kV-lik “Karxana” yarımstansiyasında müvafiq xəttin çəkilişi zamanı da həyata keçirilmişdir.

Qeyd edək ki, sözügedən dövrdə 110 kV-lik “Çaylı” yarımstansiyasında 10 MVA transformatorun 10 kV-lik tərəfində 3 ədəd ifrat gərginlikdən mühafizə üçün boşaldıcı quraşdırılmış, 35 kV-lik “İsmayılbəyli” yarımstansiyasında isə hava xəttinin cərəyan transformatoru yenisi ilə əvəz edilmişdir. Bütün bunlarla yanaşı 110 kV-lik “Bərdə” və “Naftalan” yarımstansiyalarında 10 kV-lik qapalı paylayıcı quruluşlar (QPQ) tikilmiş, 10 kV-lik xətlər və sayğaclar  təzə QPQ-yə köçürülmüş və istismara verilmişdir.

Mənbə onu da bildirdi ki, “Yevlax”  yarımstansiyasında isə 10 kV-lik II “Şəhər”, “Pambıq zavod” hava xətlərində yağ açarları vakuum açarlarla əvəz edilmişdir.

Onu da qeyd edək ki, sözügedən dövrdə 110 kV-lik “Yeni Beyləqan”, 35 kV-lik “Böyük Bəhmənli”, “Məlikli” və digər yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Digər təmir işlərindən məlumat verən mənbə, xətt və yarımstansiyaların texniki istismar vəziyyətini yüksəltməklə yanaşı, 35 kV-lik və ondan yuxarı gərginlikli yarımstansiyalarda ümumilikdə 25 transformatorun və 170-ə yaxın müxtəlif tipli yağ, eleqaz və vakuum açarların əsaslı və cari təmir olunduğunu da bildirdi.

“Bunlardan əlavə, xətlərdə baş verən enerji itkisinin qarşısının alınması məqsədilə də müəyyən tədbirlər həyata keçirilmişdir”, – deyən mənbə yanğın təhlükəsizliyi tədbirləri barəsində də məlumat verdi və bildirdi ki, havaların istiləşməsi ilə əlaqədar olaraq yanğın təhlükəsizliyi tədbirləri daha da gücləndirilmişdir. Belə ki, EVX-lərin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənmişdir. Eyni zamanda mühafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edilmiş və aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır.

Mənbədən daxil olan məlumata görə, fövqəladə hallar nəzərə alınmazsa, müəssisə avadanlıqların texniki göstəriciləri  baxımından  iqlim şəraitinə tam hazırdır.

Sonda onu da qeyd edək ki, həyata keçirilən və nəzərdə tutulmuş tədbirlər planı  müntəzəm xarakter daşıyır və bu kimi tədbirlər ölkə enerjisisteminin stabil və dayanıqlı iş rejiminin qorunmasında mühüm amillərdəndir.