“ŞIMAL-1” LAYİHƏSİ ÜMUMMİLLİ LİDERİN TƏŞƏBBÜSÜ VƏ RƏHBƏRLİYİ İLƏ REALLAŞDI
Bu gün enerjisistemdə müstəsna əhəmiyyətinə görə seçilən, Bakı şəhəri və Bakıətrafı qəsəbələrin, ümumilikdə isə Abşeron yarımadasının elektrik enerji təchizatında mühüm rol oynayan «Şimal Elektrik Stansiyası”nın şərəfli tarixi var. Burada elektrik enerjisi verən ilk generator 1954-cü il yanvar ayının 19-da enerjisistemə qoşulub. Stansiyanın istismara verilməsi tarixi də həmin gündən hesablanır.
Lakin zaman keçdikcə burada quraşdırılan avadanlıqlar köhnəlir və istismar baxımından müasir tələblərə cavab vermirdi. Xüsusilə də 1990-cı ildə Sovet İttifaqı dağıldıqdan sonra, keçmiş müttəfiq respublikaların bir çoxunda olduğu kimi, Azərbaycanda da elektrik enerjisi çatışmazlığı yaranmışdı.
15 iyun 1993-cü ildə Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə gəlməsindən sonra, bütün sahələrdə olduğu kimi, elektrik enerjisi sistemində də kəskin dönüş yarandı. Məhz ümummilli liderin şəxsi təşəbbüsü nəticəsində “Şimal” DRES ikinci həyatına qədəm qoydu.
Yada salaq ki, Xalqa xidməti həyat amalına çevirmiş ulu öndər Heydər Əliyevin təşəbbüsü nəticəsində Yaponiya hökuməti “Şimal” DRES-də gücü 400 meqavat olan buxar-qaz qurğusu (BQQ) üçün kredit tranşı açdı. 2000-ci il dekabr ayının 19-da həmin qurğunun təməl daşı ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu. Bu nəhəng tikinti qısa müddətdə başa çatdırıldı və Azərbaycanda ilk dəfə olaraq 28 sentyabr 2002-ci ildə sinxronlaşdırma aparılaraq istismara verildi.
Qeyd edək ki, bu blokun tikilməsi ilə əlaqədar stansiyada bir çox yeniliklər tətbiq olunmuşdur. Məsələn, 110 kilovoltluq yeni yarımstansiya inşa edilmişdir. Burada ən müasir 110 kV-lik eleqaz açarları tətbiq edilib. Dövriyyəyə əlavə edilən suyu hasil etmək üçün yeni tipli R-0 (əks-osmos) sistemli demineralizasiya qurğusu tikilmişdir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, “Şimal” ES-də əsas və köməkçi avadanlıqların dayanıqlı və qənaətli işləməsi üçün müvafiq tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir. Nəticədə ötən illərdə olduğu kimi cari ilin ötən beş ayı üzrə də texniki iqtisadi göstəricilər yüksək olmuşdur. Stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir.
Mənbəyə istinadən qeyd edək ki, cari ilin ötən beş ayında sözügedən stansiyada 1 milyard 20 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. O cümlədən, cari ilin may ayında isə burada 203,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Yeri gəlmişkən, 2002-cı ildən «Şimal Elektrik Stansiyası” kimi fəaliyyət göstərən müəssisədə bu günədək (01.06.2015-ci ilə kimi) 27,8 milyard kilovatsaatdan çox elektrik enerjisi istehsal edilmişdir.
Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir. Mənbə, bunu uğurla həyata keçirilmiş məqsədyönlü tədbirlərin məntiqi nəticəsi kimi qiymətləndirərək onu da bildirdi ki, mövsümə hazırlıq üzrə nəzərdə tutulmuş işlər və digər təşkilatı tədbirlər qrafik üzrə davam etdirilir.
Yeri gəlmişkən, digər müəssisələr kimi, burada da yanğın təhlükəsizliyi məsələsi də daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın nasoslarına baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır. Eyni zamanda yanğın xəbərverici sistemlər əsaslı təftiş edilərək saz vəziyyətə gətirilmişdir. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri keçirilir.
Xatırladaq ki, "Şimal" ES-in inkişaf proqramı ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün də müvəffəqiyyətlə davam etdirilir. Artıq, müəssisədə 409 meqavatlıq ikinci enerji blokunun tikintisi aparılır. Tikinti-quraşdırma işləri qrafikə uyğun davam etdirilir.
Sonda onu da qeyd edək ki, icrasına başlanan layihənin müvəffəqiyyətlə başa çatdırılması stansiyanın əhəmiyyətini daha da artıracaq, enerjisistemin dayanıqlığına və ölkənin enerji təhlükəsizliyinə töhfəsini verəcəkdir.