RESPUBLİKADA ELEKTRİK ENERGETİKASI ÜZRƏ YEGANƏ KİTABXANA

Image

“Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu  (AET və LAEİ) öz başlanğıcını 1933-cü ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan bölməsində Energetika Sektorunun yaradılmasından götürüb. 1941-ci ildə SSRİ Nazirlər Sovetinin Qərarı ilə Energetika Sektoru Azərbaycan Elmlər Akademiyasının Elmi-Tədqiqat Energetika İnstitutuna çevrilib. Elə həmin dönəmdə də respublika enerjisisteminin inkişafının aktual məsələləri institutun başlıca məqsəd və iş planı olub.

Bu sahədə elmi tədqiqatların, yaradıcılıq axtarışlarının getdikcə genişlənməsi öz növbəsində texniki ədəbiyyata böyük zərurət yaradıb. Bu tələbatı ödəmək məqsədilə elə həmin dönəmlərdə institutun nəzdində xüsusi kitabxana fəaliyyətə başlayıb. Zaman keçdikcə, elmi kitabxananın maddi-texniki bazası genişləndirilib, kitab fondu energetiklərin sorğu və tələbatına uyğun komplektləşdirilib.

Sözügedən institutdan  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  artıq uzun müd­dətdir kitabxananın işi Azərbaycan mədəniyyətinin mühüm tərkib hissəsinə çevrilib. Müasir dövrdə elmi kitabxanalar tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyat və informasiya materialları ilə təmin edən, bilikləri təbliğ edən mənəvi, intellektual əlaqələrin yayılması mərkəzi kimi fəaliyyət göstərir.

Mənbə bildirdi ki, bu gün Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnsti­tutunun elmi kitabxanası respublikada elektrik energetikası sahəsi üzrə ixtisaslaşdırılmış yeganə kitabxanadır. Burada energetikanın bütün sahələrinə, həmçinin kibernetika, fəlsəfə, tarix, statistika, riyaziyyat, iqtisadiyyat və s. elmlərə aid ədəbiyyat cəmləşib. Xarici dildə texniki ədəbiyyata ehtiyacın artması dövrün tələbidir. Mühəndis-texniki işçilərin istifadəsini asanlaşdırmaq, onlara tərcümə işində köməklik göstərmək məqsədilə kitabxanada ingilis-rus, rus-bolqar, rus-alman, rus-fransız lüğətləri də var ki, bunların bəziləri texniki sözlüklərdən ibarətdir.

20600 nüsxəlik fond, əsasən, Azərbaycan və rus dillərində olan kitablardan ibarətdir.  Kitabxananın fəaliy­yətində dövri nəşrlərlə iş də xüsusi yer tutur. İnstitut fəalyyətə başladığı ilk dövrlərdən burada elmi-texniki jurnalların bütün nüsxələri yığılıb saxlanılır. Hazırda isə kitabxana 15 adda jurnal alır.

Qeyd edək ki, çağdaş dövrdə elmi-texniki tərəqqi getdikcə genişlənir. Elmi kitabxanaların qarşısında bu inkişafa xidmət etmək, texniki ziyalıların artan tələbatını ödəmək durur. Bütün bunlar isə kitab fondunun daim yeni ədəbiyyatla zənginləşdirilməsini şərtləndirir. Bu məsələ AET və LAEİ-nin elmi kitabxanasında da gündəmdə duran məsələlərdəndir. Belə ki, institut rəhbərliyi kitabxananın yeni ədəbiyyatla təmin edilməsi barədə təşəbbüs qaldırıb və bu məqsədlə son illərdə nəşr edilmiş 60-dan çox ədəbiyyatın siyahısı hazırlanıb.

Mənbənin sözlərinə görə, əvvəllər respublikada elektrik energetikasına aid ədəbiyyat kifayət qədər idi, hətta bəzi mağazalarda bu sahəyə aid xüsusi bölmələr də fəaliyyət göstərirdi. İndi isə belə kitablar çətin tapılır. Ona görə də yeni kitabların hamısının Rusiyadan sifariş etdirilməsi nəzərdə tutulur.

O da qeyd edildi ki, hazırda kitabxananın 85 üzvü var və onların hamısı institutun əməkdaşlarıdır. Elə kitabları da onlar alırlar. Başqa müəssisələrdən gələnlərə isə kitablar şəxsiyyət vəsiqəsi ilə verilir.

Mənbə onu da bildirdi ki, elmi kitabxanada elektrik energetikası sahəsinə aid dissertasiyalar da mühafizə olunur.  Əvvəllər dissertasiyaların hamısı burada saxlanılırdı. Hazırda onların bir qismi müvafiq qaydada dövlət arxivinə təhvil verilib. Həmçinin kitabxanada dissertasiyaların aftoreferatları da saxlanılır və hazırda onların sayı 2260-dan çoxdur.