YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR
Enerjitəchizatı müəssisəsinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma işləri çərçivəsində respublikanın qərb bölgəsinin enerji təchizatının yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilməkdədir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər energetika müəssisələrində olduğu kimi “Gəncə Regional Elektrik Şəbəkəsi”nin (REŞ) xidməti ərazisində də istismar səviyyəsinin daha da yaxşılaşdırılması, dayanıqlılığın artırılması istiqamətində görülən işlər cari ilin ötən dörd ayında da davam etdirilmişdir. O cümlədən, 330 kV-lik “Ağstafa” və 110 kV-lik “Gəncə-2” yarımstansiyalarında yenidənqurma işləri aparılır. Belə ki, “Ağstafa” yarımstansiyasında hər birinin gücü 125 MVA olan 1 və 2 saylı avtotransformatorlarda, 110 kV-lik I, II, V və VI “Ağstafa” hava xəttində açarlar dəyişdirilmişdir. “Gəncə-2” yarımstansiyasında isə 110 kV-lik I və II “Alabaşlı”, I və II “Şəmkir” hava xətlərinə eleqaz açarı və cərəyan transformatoru quraşdırılmışdır. Eyni zamanda I və II şin sistemində 5 ədəd portal, hər birinin gücü 25 MVA olan I və II transformatorların 35 kV-lik girişində cərəyan transformatorları quraşdırılmışdır. Bütün bunlarla yanaşı 110 kV-lik açıq paylayıcı quruluşda müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, 6 ədəd 110 kV-lik ayrıcı yenisi ilə əvəzlənmiş və bu istiqamətdə işlər davam etdirilir.
Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan bir neçə yarımstansiyada mühüm işlər görülüb. Daha döğrusu 110 kV-lik “Gəncə-1”, “Zəyəm”, 330 kV-lik “Gəncə”, “GAZ” və digər yarımstansiyalarda transformatorlar, o cümlədən xüsusi sərfiyyat transformatorları, boşaldıcılar təmir edilmişdir.
Mənbə onu da bildirdi ki, EVX-lər üzrə əsaslı və cari təmir işləri aparılmış və hazırda bu istiqamətdə işlər davam etdirilir. Ümumiyyətlə, son dörd ay ərzində müəssisənin xidməti ərazisində 330 metrdən artıq naqil yenilənmiş, 760 izolyator yenisi ilə əvəz edilmişdir. Metal dayaqlarda qaynaqdan qopan hissələr qaynaq edilərək dayaqların möhkəmliyi bərpa edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, müəssisənin bütün struktur bölmələrində könüllü yanğın dəstələri yaradılmış və yanğına qarşı qəza məşqləri keçirilmişdir. Yarımstansiyaların ərazisi və EVX-lərin dayaqlarının ətrafı qurumuş otlardan təmizlənmişdir. Yaz-yay mövsümü ilə əlaqədar bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir. İldırımlı mövsümlə əlaqədar tədbirlər planı da hazırlanmışıdr. Eyni zamanda digər qabaqlayıcı tədbirlər də görülmüşdür.
Mənbənin verdiyi məumata əsasən sadalanan tədbirlərin yerinə yetirilməsi, enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Bunu nəzərə alaraq Şəbəkədən yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirildi.