ELEKTRİK ENERJİSİ TƏLƏBATA UYĞUN VERİLƏCƏKDİR

Image

Birinci Avropa Oyunlarına paytaxt Bakı ilə yanaşı energetiklər şəhəri - Mingəçevir də ev sahibliyi edəcəkdir. Bu mühüm və mötəbər yarışların start veriləcəyi gün yaxınlaşdıqca görülən və həyata keçirilən işlərə nəzər salınır, qurğu və avadanlıqlar, qonaqların və idmançıların yerləşəcəyi məkanlar, istirahət yerləri və s. bir daha yoxlanılır,  son hazırlıq işlərinə yekun vurulur.

“Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə elektrik enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində enerjisistemin dayanıqlığı daha da möhkəmlənmiş və keyfiyyəti də əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Energetiklərimiz adi günlərdə və bayram günlərində olduğu kimi, eyni zamanda respublikamızın ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərdə də ölkənin elektrik enerjisi ilə normal təchiz olunması məsələsinin öhdəsindən uğurla gəlmişlər. Qarşıdan gələn Birinci Avropa Oyunlarında da adi günlərə nisbətən elektrik enerjisinə olan tələbatın artması ilə əlaqədar elektrik stansiyaları və şəbəkə avadanlıqlarının gün ərzində bazis iş rejimində işləyir, hər hansı çətinliklərin yaranması gözlənilmir. Bu günlərdə respublikamızda enerjitəchizatı müəssisəsinin (“Azərişıq” ASC-nin)  tələbatına uyğun elektrik enerjisi ilə təmin edilmələri üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilmiş, o cümlədən xüsusi qərargah da yaradılmışdır.

Mərkəzi Dispetçer və Enerjinin İstehsalı İdarələrinə istinadən bildiririk ki, həmin günlərdə artan tələbatı nəzərə alaraq,  bütün ehtiyat qüvvələr əvvəlcədən səfərbər edilmişdir. Belə ki, ehtiyatda olan elektrik avadanlıqları təmir edilmiş və tam hazırlıq vəziyyətinə gətirilmişdir. Nəticədə yarışların keçiriləcəyi günlərdə tələbatın artmasına baxmayaraq (dispetçer qrafikinə əsasən gündəlik istehlaka uyğun istehsal dinamikasının müqayisəsi, hava şəraiti və s. nəzərə alınmaqla),  respublikada elektrik enerjisi ilə təminatda problem olmayacaqdır.

Səhmdar Cəmiyyətin Elektrik Enerjisinin Ötürülmə İdarəsindən əldə edilən məlumata görə, enerjitəchizatı müəssisəsinin elektrik enerjisinə artan tələbatının daha dolğun şəkildə ödənilməsi üçün  müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib. Tədbirlər planına uyğun olaraq, istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təchiz etmək üçün bütün yüksək gərginlikli elektrik şəbəkəsi müəssisələri, o cümlədən Abşeron və Mingəçevir yüksək gərginlikli elektrik şəbəkələri gücləndirilmiş iş rejiminə keçmişlər. Əlavə mal-material ehtiyatı yaradılmış və növbətçi briqadaların sayı artırılmışdır. Ümumiyyətlə, kollektivin hər bir üzvü adi günlərdə olduğu kimi bu idman bayramı günlərində də qarşıya qoyulmuş vəzifənin öhdəsindən layiqincə gələcəklərinə əmindirlər.

Xatırladaq ki, iyunun 14-16-da Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe növləri üzrə yarışlar keçiriləcəkdir.