STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR

Image

Ölkənin enerji təhlükəsizliyi üçün yaradılmış təminatlar əsasında generasiya güclərinin daha da artırılması, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən iqtisadiyyatımızın elektrik enerji təminatının möhkəmləndirilməsi istiqamətində müstəqilliyimiz dövründə istifadəyə verilmiş alternativ enerji mənbələrindən biri də gücü 25 MVt olan “Füzuli Su Elektrik Stansiyası”dır. Digər enerji obyektlərində olduğu kimi burada da mövsümi tədbirlər vaxtlı-vaxtında icra edilir. Bu da öz növbəsində istehsal prosesinin dayanıqlığını daha da artırır və nəticədə texniki–iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin aprel ayında 3,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Həmişə olduğu kimi cari ilin 4 ayında da kollektivin əzmkarlıqla çalışdığını vurğulayan mənbə bildirdi ki, sözügedən dövr ərzində stansiyada 9,4 milyon kilovatsaatdan artıq  elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, ötən illərdə olduğu kimi, cari ildə də elektrik enerji istehsalının digər texniki göstəricilərində yüksək nəticələr əldə edilmişdir. Yeri gəlmişkən, stansiya dispetçer qrafikinə uyğun istismar edilir. İstehsal edilən elektrik enerjisi 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə ötürülür.

Onu da bildirək ki, burada da yay mövsümünə hazırlıqla əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Bununla əlaqədar olaraq stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə aradan qaldırılır.

Xatırladaq ki, “Füzuli Su Elektrik Stansiyası”nın pik güclərinin artırılması istiqamətində atılan addımlardan biri olmaqla yanaşı, bu bölgənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit işləməsinin təmin edilməsində rolu böyükdür.