TEXNİKİ QULLUQ VAXTINDA GÖSTƏRİLİR

Image

Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş, respublikamızın şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının daha dolğun şəkildə təmin olunmasında “Xaçmaz Elektrik Stansiyası” (ES) ilə yanaşı "Şahdağ" ES də əhəmiyyətli rol oynayır.  “Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, "Şahdağ" ES-də cari ilin aprel ayında 24,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin 4 ayı ərzində isə sözügedən stansiyada elektrik enerjisi istehsalı 135,3 milyon kilovatsaatdan artıq təşkil etmişdir.

Mənbənin bildirdiyinə görə, stansiyada aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun olaraq vaxtında göstərilmişdir. Məhz bunun  nəticəsidir ki, ötən illərdə olduğu kimi, cari ilin 4 ayında da elektrik enerjisi istehsalında problem yaranmamışdır. Hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyətini davam etdirir.

Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən dövrlərdə olduğu kimi cari ilin 4 ayı ərzində də elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxş olmuşdur.

“Digər enerji müəssisələrində olduğu kimi burada da enerji bloklarında mövsümə hazırlıq məqsədilə müxtəlif təyinatlı təmir işləri tədbirlər planına uyğun olaraq aparılır. Eyni zamanda digər elektrik avadanlıqlarında da profilaktik təmir işləri icra edilir”, – deyən mənbə cari ilın son üç ayı ərzində həyata keçirilmiş işlər barəsində də məlumat verdi.

Mənbənin bildirdiyinə görə, sözügedən dövrdə porşen tipli aqreqatlara istismar həddinə uyğun olaraq növbəti texniki qulluq göstərilmiş, o cümlədən aqreqatların soyutma və yağlama sistemlərində aşkar edilən qüsurlar aradan qaldırılmışdır.

Yei gəlmişkən, tələbatçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi  məqsədilə  aparılan texniki xidmət işləri stansiyanın təmir briqadası tərəfindən aparılır.  Onu da qeyd edək ki,  yanğın təhlükəsizliyi məsələsi də daima diqqət mərkəzində saxlanılır. Belə ki, yanğınsöndürmə vasitələrinə, yanğına qarşı su təchizatına növbədənkənar baxış keçirilmişdir.

Xatırladaq ki, elektrik stansiyası 12 aqreqatdan ibarət olub, ümumi gücü  105 MVt təşkil edir.  Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, o cümlədən sistemin dayanıqlığının artırılmasında da böyük rol oynayır. Həmçinin, bölgənin sosial-iqtisadi inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda “Şahdağ” elektrik  stansiyası “Şahdağ” Qış-yay Turizm kompleksinin elektrik enerjisi təchizatını da həyata keçirir.