“ASTARA ES”: TƏDBİRLƏR VAXTINDA İCRA EDİLİR
Respublika enerji sisteminin bütün sahələrində olduğu kimi ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş “Astara” elektrik stansiyasında (ES) da aqreqatlara növbəti nəzərdə tutulmuş bütün texniki xidmətlər istismar həddinə müvafiq olaraq qrafikə uyğun vaxtında göstərilmişdir. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən ES-in kollektivi tərəfindən cari ilin aprel ayında 18,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, stansiya fəaliyyətə başladığı dövrdən indiyə kimi, o cümlədən cari ilin ötən 4 ayı ərzində də dispetçer qrafikinə uyğun olaraq Cənub bölgəsinin fasiləsiz elektrik enerji ilə təminatında mühüm rol oynamışdır. Belə ki, sözügedən dövr ərzində burada 80,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Mənbə onu da bildirdi ki, son üç ay ərzində növbəti istismar həddinə uyğun olaraq müvafiq aqreqatlarda texniki qulluq işləri yerinə yetirilmiş və bir neçəsində isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda yaz-yay daşqın sularından mühafizə məqsədilə stansiya ərazisində həlli vacib tədbirlər həyata keçirilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, tələbatçılara daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində stansiya kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər.
Sonda onu da qeyd edək ki, burada yay mövsümünə hazırlıqla əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Bununla əlaqədar olaraq ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə aradan qaldırılır.
Xatırladaq ki, “Astara” elektrik stansiyası 10 aqreqatdan ibarətdir və ümumi gücü 87 MVt təşkil edir.