STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR
Hazırda alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Belə obyektlərdən biri də Ulu Öndərin təşəbbüsü, gərgin əməyi və bilavasitə yaxından iştirakı ilə ərsəyə gələn, qərb bölgəsinin enerji təchizatında, eyni zamanda pik güclərinin artırılmasında özünəməxsus payı və rolu olan « Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi »dir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin kollektivi aprel ayını da uğurla yekunlaşdırıb. Belə ki, cari ilin aprel ayında « Şəmkir » SESS üzrə 136,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edilən həcmdən 92,4 milyon kilovatsaatdan çoxu "Şəmkir » SES-in, 44 milyon kilovatsaata yaxını isə «Yenikənd» SES-in payına düşür.
“Digər enerji obyektləri kimi burada da iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir” ,– deyən mənbə onu da bildirdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Nəzərdə tutulmuş təmir-bərpa işləri barədə məlumat verən mənbə onu da qeyd etdi ki, ümumilikdə «Şəmkir SES Silsiləsi»-nin kollektivi əvvəlki aylarda olduğu kimi, hesabat dövründə də plan tapşırıqlarına artıqlaması ilə əməl edib. Hər iki stansiyada enerji bloklarının normal fəaliyyəti nəzarətdə saxlanılır, profilaktiki tədbirlər həyata keçirilir.
Mənbəyə istinadən qeyd edək ki, hər iki SES-də cari ilin yaz-yay sel sularının qəbulu və ötürülməsi üçün müvafiq tədbirlər diqqətdə saxlanılır.
Yeri gəlmişkən, avadanlıqlara texniki xidmət hər iki stansiyada işbilən və bacarıqlı mütəxəssislər tərəfindən aparılır. Xidmətlər yerli və zavod təlimatlarının tələblərində göstərilmiş normada icra olunurlar. Bütün avadanlıqlar diqqətdə saxlanılır. Təmir bərpa işləri illik Plan-Qrafik üzrə davam etdirilir.
Onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur.
Xatırladaq ki, Silsiləyə “Şəmkir” və “Yenikənd” SES-ləri daxildir.