MÖVSÜMİ HAZIRLIQ UĞURLA YERİNƏ YETİRİLİR

Image

Hazırda enerjisistemdə mövcud olan generasiya güclərinin artıtılması və yeni güclərin yaradılması ilə yanaşı, vacib məsələlərdən biri də istehsal olunan elektrik enerjisinin vaxtında və keyfiyyətli şəkildə tələbatçılara çatdırılmasıdır. Bu məsələnin həllində elektrik verilişi xətləri və yarımstansiyaların normal fəaliyyət göstərmələri mühüm rol oynayır. 35 kilovoltluq və ondan yuxarı gərginlikli hava xətləri və eyni gücə malik yarımstansiyalar üzrə nəzərdə tutulan tədbirlər əsasən yerinə yetirilib.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan Regional Elektrik Şəbəkəsi”nin texniki  göstəricilərin  fəaliyyətinin daha da dayanıqlı vəziyyətdə təmin edilməsi məqsədilə cari ilin I rübü ərzində yarımstansiylarda həyata keçirilmiş yenidənqurma və təmir-tikinti işləri barəsində Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, sözügedən dövrdə xidməti ərazidə olan hava elektrik verilişi xətlərinin 21 kilometri əsaslı təmir edilmiş, 820-yə yaxın izolyator dəyişdirilmiş, 120-dən artıq isə xətt armaturu yeniləri ilə əvəz edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə daxil olan 330 kilovoltluq (kV) “İmişli” yarımstansiyasında 1 saylı 25 MVA transformator, 110 kV-lik giriş eleqaz açarı və eyni gərginlikli 2-ci “Biləsuvar” HX-nin eleqaz açarı təmir edilmişdir. Eyni zamanda 110 kV-lik “Cihazlar” və “Muğanlı” yarımstansiyaların hər birində 1 və 2 saylı 40 MVA transformatorların, “Masallı” yarımstansiyasında 2 saylı 40 MVA transformatorun yağ açarları təmir edilərək normal iş rejiminə gətirilmişdir. Yeri gəlmişkən, 110 kV-lik “Muğanlı” yarımstansiyasında 1 və 2 saylı 40 MVA, “Separadi” yarımstansiyasında isə 5,6 MVA-lıq transformatorlar da təmir edilmişdir. Ümumiyyətlə, hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan yarımstansiyalarda müxtəlif gərginlikdə və gücdə olan 30-dan artıq transformator və 90-dan çox yağ açarı təmir edilərək normal iş rejiminə gətirilmişdir.

Digər təmir işləri barəsində məlumat verən mənbə onu da bildirdi ki,  mövcud iqlim şəraitində yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, xidməti ərazidə olan yarımstansiyaların, transformator məntəqələrinin ərazisi quru otlardan, yağ töküntülərindən təmizlənmiş, transformatorların, yağqəbuledici qurğuların yağ ötürən hissələri yoxlanılmış, çınqıl örtüyü yenisi ilə əvəz edimişdir. Bunlardan əlavə yanğınsöndürmə vasitələrinin texniki vəziyyəti təkrarən yoxlanılmışdır. Yaz-yay mövsümü ilə əlaqədar bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir. İldırımlı mövsümlə əlaqədar tədbirlər planı da hazırlanmışıdr. Eyni zamanda digər qabaqlayıcı tədbirlər də görülmüşdür.

Yeri gəlmişkən, görüləcək işlərdən söz açan mənbə sonda onu da bildirdi ki, mal-material və texniki cəhətdən  “Şirvan Regional Elektrik Şəbəkəsi”nidə heç bir problemləri yoxdur.