KEYFİYYƏT VƏ DAYANIQLIQ DAHA DA ARTIRILIR
Tələbatçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün qabaqlayıcı tədbirlər davam etdirilir. Abşeron yarımadasının, o cümlədən paytaxtətrafı ərazilərin elektrik enerjisi ilə təminatında mühüm rolu olan “Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ) xidməti ərazisində istismar səviyyəsinin daha da yaxşılaşdırılması, dayanıqlılığın artırılması istiqamətində görülən işlər davam etdirilir. Tərkibində Bakı və Abşeron şəbəkə sahələrini birləşdirən müəssisədə aparılan tədbirlər, əsasən, yarımstansiya və elektrik verilişi xətlərini əhatə edir. Görülən işlər arasında keçən ildən start götürəni də var, cari ilin iş planına daxil ediləni də...
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə sözügedən REŞ-in Abşeron şəbəkə sahəsində cari ilin son 3 ayı ərzində həyata keçirilmiş tədbirlər barədə məlumatda bildirilir ki, “Pirallahı” yarımadasının elektrik enerjisi təchizatında xüsusi rolu ilə seçilən 110 kV-lik “Dübəndi” yarımstansiyasında eynigərginlikli açıq paylayıcı quruluşda (APQ) yağ açarları eleqaz açarlarlarla əvəz edilmiş və yenidənqurma işləri davam etdirilir. Eyni zamanda 220 kV-lik “Hövsan” yarımstansiyasında 220 kV-lik 1-ci və 2-ci "Hövsan”, 110 kV-lik 3-cü “Əhmədli” hava xətlərinin mühafizə, idarə dövrələri yoxlanılmış və yeni tipli relelər quraşdırılmışdır.
Qeyd edək ki, anoloji işlər 220 kV-lik “Nizami” yarımstansiyasındakı eyni gərginlikli 2-ci “Hövsan”, 110 kV-lik “8-ci kilometr” yarımstansiyasındakı 1-ci və 2-ci “Nizami” hava xətləriində də həyata keçirilmişdir.
Yeri gəlmişkən, 110 kV-lik “Qala”, “Maştağa” və digər yarımstansiyalarda da hesabat dövründə yoxlama işləri aparılmışdır.
Onu da qeyd edək ki, müəssisənin xidməti ərazisində sözügedən dövrdə təmir qrafikinə uyğun əsaslı və cari təmir EVX-lərdən də yan keçməmişdir. Belə ki, 110 kV-lik ikidövrəli 1-ci “Əhmədli”, 1-ci “Zığ” HX-lərinin 1-25 saylı dayaqları yeni dayaqlarla dəyişdirilmiş, naqillər yenisi ilə əvəz olunmuş və bu istiqamətdə işlər davam etdirilir. 110 kV-lik ikidövrəli 2-ci və 3-cü “Əhmədli”, 2-ci “Suraxanı” və 5-ci “Ramana” HX-lərində isə 5-12 saylı dayaqlarında analoji işlər həyata keçirilmişdir. Eyni zamanda 220 kV-lik 2-ci “Hövsan” HX-nin müəyyən hissəsində də müxtəlif təyinatlı təmir işləri aparılmışdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, “Olimpiya” stadionunun yaxınlığında 220 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Nizami” hava xətlərinin 1,7 kilometr hissəsi, 110 kilovoltluq 4-cü “Ramana” hava xəttinin isə 1,3 kilometr hissəsinin kabelə keçirilməsi işləri başa çatdırılmışdır.
Mənbənin verdiyi məlumata əsasən, sadalanan tədbirlərin yerinə yetirilməsi enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Bunu nəzərə alaraq Şəbəkədən yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirildi.
Sonda onu da qeyd edək ki, digər müəssisələrdə olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilir. Elektrik verilişi xətlərinin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənib. Eyni zamanda, mühafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edildikdən sonra aşkarlanan qüsurlar aradan qaldırılıb.