TƏDBİRLƏR İCRA OLUNMUŞDUR

Image

Zəngin və şərəfli tarixə malik olan Azərbaycan xalqının İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında böyük xidmətləri olmuşdur. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.

Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.

Bu səbəbdən də qələbə günü bütün sülhsevər xalqlar kimi, azərbaycanlılar üçün də mühüm əhəmiyyət kəsb edir. Ümummilli Liderimiz Heydər Əliyev müharibə qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsini, veteranlara qayğı göstərilməsini daim diqqət mərkəzində saxlamışdır və hazırda bu xətt Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 2015-ci il 23 fevral tarixində imzaladığı “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamı da bunun bariz nümunəsidir.

“Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki,  Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı  ilə  təsdiq  edilmiş  “1941-1945-ci illər müharibəsində qələbənin         70  illik  yubileyinə   hazırlıq  və  yubileyin  qeyd  olunması  üzrə   Tədbirlər  Planı” nın icrası ilə əlaqədar olaraq Səhmdar Cəmiyyət tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, MDB Elektroenergetika Şurasının RF-nın Soçi şəhərində keçirilmiş 46-cı iclasında 1941-45-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunmuş toplunun hazırlanıb nəşr etdirilməsi haqqında qərarına uyğun olaraq,  Azərbaycanda elektrik energetikası sisteminin texniki-iqtisadi vəziyyəti, respublikanın dövlət və hökumət orqanlarının bu sahə ilə bağlı mühüm qərar və tapşırıqları, elektrik enerjisi istehsalı və təchizatı müəssisələrinin inşası və fəaliyyəti, energetiklərin arxa və ön cəbhədə iştirakı barədə sənədlər, foto və çap materialları toplanaraq MDB  Elektroenergetika  Şurasının İcraiyyə Komitəsinə göndərilmişdir. Bu günlərdə həmin toplu Moskva şəhərində çapdan çıxmışdır.

Eyni zamanda energetik, Böyük Vətən müharibəsi veteranı qocaman energetik Əhməd Məmməd oğlu Mirzoyevə qələbənin 70-ci  ildönümü və 100 yaşı münasibətilə ona maddi yardım göstərilmişdir.

Yeri gəlmişkən, Ermənistan ilə müharibə şəraitində yaşayan Azərbaycanda faşizm üzərində Qələbənin 70 illik yubileyinin təntənə ilə qeyd olunması həm tarixi nöqteyi-nəzərdən, həm də böyüməkdə olan gənc nəslin mənəvi-psixoloji tərbiyəsi baxımından əhəmiyyətli hadisədir.