Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar

Image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonuna səfər ediblər.

Səfər çərçivəsində dövlət başçısı Kəlbəcər rayonunda enerji infrastrukturunun və yüksəkgərginlikli xətlərin bu yaxınlarda çəkildiyini bildirdi. Və “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış oldu.

Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Suyu hidroaqreqata ötürən dağıdılmış plastik su borusu 1,3 kilometr məsafədə diametri 1,8 metr olan metal borularla əvəz edilir. Stansiyanın maşın zalı və 110/6 kilovoltluq yarımstansiyasında isə işlər tamamlanıb. Beləliklə, ermənilər tərəfindən dağıdılaraq yandırılan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tam yenidən tikilir və işlərin qarşıdan gələn aylarda başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev: Lev çayı bizim gözəl çaylarımızdan biridir. Uzunluğu o qədər də böyük deyil – təxminən 20 kilometrə yaxındır. Ancaq mənbəyi Azərbaycandadır və bu gündən elektrik enerjisi istehsalına xidmət edəcək.

Daha sonra dövlət başçısı yeni inşa olunan “Kəlbəcər” yarımstansiyasına gəldi.

Prezident İlham Əliyev: Bura da “Kəlbəcər” yarımstansiyasıdır. Qısa müddətdə - cəmi altı ay ərzində inşa edilib və Kəlbəcəri elektrik enerjisi ilə təmin edəcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etdilər.

Dövlət başçısı işğaldan azad edilən ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilir. 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının qısa müddətə inşası həyata keçirilən layihələrdən biridir.

Qeyd edək ki, Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunaraq inşa edilən yeni yarımstansiyada 80 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılıb. “Kəlbəcər” yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulub və bunun üçün yeni idarəetmə binası tikilib. Burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilib.

Dövlət başçısı yarımstansiyanı işə saldı.

Qeyd edək ki, ermənilər tərəfindən enerji sistemi tamamilə dağıdılan Kəlbəcər rayonuna Daşkəsəndən 70 kilometr məsafədə 110 kV-luq yüksəkgərginlikli ikidövrəli elektrikötürmə xətti çəkilib. Murov dağını aşmaqla çəkilən xəttin bəzi anker dayaqları dəniz səviyyəsindən 3400 metr yüksəklikdə quraşdırılıb.

Sonra Lev çayının sahilində çay süfrəsi arxasında söhbət edən Prezident İlham Əliyev dedi:

-Kəlbəcər rayon yarımstansiyasının açılışını etdik. Çox əlamətdar hadisədir. Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti var və deyə bilərəm ki, cəmi altı ay ərzində bu yarımstansiya ərsəyə gəldi. Özü də çox çətin bir hava şəraitində, çətin relyefdən, dağlardan keçərək, bu önəmli infrastruktur obyektini istifadəyə verdik. Yeni dirəkləri də görürsünüz. Dirəklərin ən hündür olan yeri 3400 metrdir. Doğrudan da böyük peşəkarlıq və məharət tələb edən layihədir və onu göstərir ki, bizim daxili resurslarımız o qədər güclüdür ki, biz qısa müddət ərzində bu işləri görə bilərik. Beləliklə, bu yarımstansiya Kəlbəcər rayonunu elektrik enerjisi ilə təchiz edəcək. Bu tədbirə qədər Lev çayı üzərində su elektrik stansiyasının tikintisi ilə tanış oldum. Orada generasiya gücü 4,4 meqavatdır. Biz artıq Güləbird Su Elektrik Stansiyasını işə saldıq, orada 8 meqavatdır, o, Laçın rayonundadır. Suqovşan Su Elektrik Stansiyası da təmir olundu, yenidən quruldu, orada da 7,8 meqavatdır. Yəni, görün, biz artıq 20 meqavatdan çox elektrik enerjisini alternativ mənbələrdən hasil etməyə başlayırıq və bu hələ başlanğıcdır. Ermənilər bu bölgələri tərk edərkən bütün su elektrik stansiyalarını məhv etdilər, dağıtdılar. Biz onları bərpa edəcəyik. Güləbird, indi isə Lev çayı üzərində və digər su elektrik stansiyaları və onların sayını tədricən təxminən 20-yə çatdıracağıq, bəlkə də 30-a çatdıracağıq, amma tədricən. Beləliklə, bizim enerji potensialımız da güclənəcək. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası kimi yaşayacaq və bizim bütün planlarımız yerinə yetiriləcək. Cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir.