“Azərenerji” 57 keçmiş məcburi köçkünü azad olunmuş rayonlarda işlə təmin edib
Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərenerji” ASC tərəfindən 3 elektrik stansiyası yenidən qurulub və 3 yarımstansiya tikilərək istismara verilib. Hazırda 5 yarımstansiya, 1 elektrik stansiyasında tikinti-quraşdırma işləri, o cümlədən yüksəkgərginlikli xətlərin çəkilməsi prosesi davam edir. Nəticədə bu günə kimi “Azərenerji” ASC tərəfindən Qarabağ və Şərqi Zəngəzurda istismara verilən enerji obyektlərində 57 nəfər işlə təmin edilib ki, onların əksəriyyəti məhz işğaldan azad edilmiş rayonların sakinləridir.
Belə ki, Laçındakı 8 MVt gücündə “Güləbird” Su Elektrik Stansiyasında 5 nəfər, Tərtərin işğaldan azad edilən Suqovuşan qəsəbəsindəki ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında 9 nəfər, 110/35/10 kV-luq “Şuşa” yarımstansiyasında 7 nəfər, 110/35/10 kV-luq “Füzuli” yarımstansiyasında 6 nəfər, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasında isə 4 nəfər işlə təmin edilib. Bundan başqa, tikintisi yekunlaşmaqda olan 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasında da 4 nəfər işlə təmin edilib ki, onların hamısı məhz cəbrayıllılardır. Həmçinin Qarabağ Regional Elektrik Şəbəkəsinin yarımstansiya, hava elektrik verilişi xətti xidmətləri də daxil olmaqla ümumilikdə 17 əməkdaşı işlə təmin edilib. Beləliklə, “Azərenerji” obyektlərinin əməkdaşları ya doğulduqları rayondan, ya da işğaldan azad edilən qonşu rayonlardan məcburi köçkün olmuş şəxslərdir.