Baba Rzayev: “Cənab Prezident İlham Əliyevin enerji strategiyasına uyğun olaraq bütün işlər uğurla davam edir”

Image

Hər il oktyabr ayının 20-də ölkə energetikləri özlərinin peşə bayramını böyük təntənə ilə qeyd edirlər. Builki “Energetiklər Günü” isə bir çox məqamlarla əlamətdardır. Əvvəla, builki “Energetiklər günü” Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra Qələbə sevinci ilə qarşılayacağımız bir bayramdır.

Digər tərəfdən, bu ilin 20 oktyabr tarixində ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə tikilən, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in 40 illiyi tamam olur. Prezident İlham Əliyevin  tapşırığına əsasən tamamilə yenidən qurularaq ömrü 20 il uzadılan, 44 günlük Vətən müharibəsi dövründə düşmənlərin bir nömrəli hədəfinə çevrilən bu stansiyanın yaranma tarixinin cənab Prezidentin 2004-cü ildə imzaladığı Sərəncam ilə “Energetiklər Günü” kimi təsis olunması bu sahədə çalışan insanların fədakar əməyinə verilən yüksək diqqət və qayğının, böyük dəyərin təzahürüdür.

Eyni zamanda “Azərenerji” ASC-nin 1941-ci ildə təsis edilən Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun yaranmasının da 80 illiyidir. Ölkəmizdə elektroenergetika sahəsi üzrə ilk elm məbədi olan bu qurum 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasını təsis edən dörd institutdan biridir. Uzun illər ərzində bu sahədə yeganə elmi-praktiki qurum kimi fəaliyyət göstərən institut öz sıralarını təcrübəli mütəxəssislərlə möhkəmləndirib, zəngin təcrübə toplayaraq fəaliyyət dairəsini genişləndirib. 2020-ci ildə Prezident İlham Əliyevin qayğısı ilə bu qocaman elm məbədinin binası əsaslı təmir olunaraq müasir memarlıq üslubunda yüksək səviyyədə yenidən qurulub.

İlk olaraq mətləbə böyük Qələbədən ötən bir ildən az müddətdə dövlətimizin başçısının tapşırığına uyğun olaraq işğaldan azad edilən rayonlarda elektroenergetika infrastrukturunun yaradılması ilə başlamaq istəyirəm.

Qeyd edim ki, işğaldan azad edilmiş ərazilərimizin ən qısa müddətdə Azərbaycanın ümumi enerjisisteminə qoşulması, həmin rayonlarda yeni generasiya mənbələrinin yaradılması ilə bağlı Ölkə Prezidentinin qarşıya qoyduğu tələblərə uyğun olaraq son dərəcə böyük həcmli işlər görülüb və görülməkdədir. İndiyədək cənab Prezidentin iştirakı ilə Laçın rayonunda gücü 8 meqavat olan “Güləbird” Su Elektrik Stansiyası və Tərtər rayonunun işğaldan azad edilmiş ərazilərində ümumi gücü 8,7 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları tamamilə yenidən qurularaq istismara verilib. Hazırda “Kəlbəcər-1” və “Kəlbəcər-2” kiçik su elektrik stansiyalarında yenidənqurma işləri uğurla davam etdirilir.

İşğaldan azad edilən ərazilərin ən qısa müddətdə Azərbaycanın ümumi enerji sisteminə qoşulması istiqamətində atılan addımlara əsasən, bu günədək dörd rayonda 110/35/10 kV-luq “Şuşa”, “Füzuli”, “Kəlbəcər” və “Cəbrayıl” yarımstansiyaları tikilərək cənab Prezidentin iştirakı ilə istismara verilib. Həmçinin “Şükürbəyli” yarımstansiyası genişləndirilərək yenidən qurulub, bu enerji obyektindən Şuşaya 75 km uzunluğunda ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilib və “Füzuli” yarımstansiyası ilə əlaqələndirilib.

Eyni zamanda Daşkəsən rayonundan Murov dağını keçməklə Kəlbəcər rayonuna 70 km uzunluğunda, “Şükürbəyli” yarımstansiyasından isə yeni tikilmiş “Cəbrayıl” yarımstansiyasına 31 km məsafədə ikidövrəli 110 kV-luq elektrik verilişi xətləri çəkilib. Cəbrayıldan 45 km məsafədə yeni “Qubadlı” yarımstansiyasına, oradan 34 km məsafədə yerləşən yeni tikilən “Zəngilan” yarımstansiyasına 110 kV-luq ikidövrəli elektrik xəttinin çəkilməsi və yarımstansiyaların titinti işləri isə yekunlaşmaq üzrədir. Hazırda “Xındırıstan” yarımstansiyasından 35 km məsafədə 110 kV-luq ikidövrəli xətt çəkilir, “Ağdam-1” və Ağdam-2” yarımstansiyaları tikilir.

Gələcəkdə “Ağcabədi” yarımstansiyasından 130 km, “İmişli”dən isə 132 km məsafədə “Cəbrayıl” yarımstansiyasına 330 kV-luq hava xəttinin çəkilməsi,  oradan isə Naxçıvana 330 kV-luq hava xəttinin aparılması, o cümlədən Cəbrayıl və Naxçıvanda yeni 330 kV-luq yarımstansiyaların tikintisi planlaşdırılıb. Cəbrayıl rayonunda tikiləcək 330 kV-luq yeni yarımstansiya “Xudafərin” və “Qız qalası” layihələri ilə yanaşı, Naxçıvanın ölkənin ümumi enerji sistemi ilə əlaqələndirilməsini təmin edəcək. Gələcəkdə Laçın və işğaldan azad olunmuş digər ərazilərimizdə 110 kV-luq yarımstansiyaların, əlaqələndirici xətlərin çəkilməsi, Qarabağın dairəvi elektrik təchizat sxeminin gerçəkləşdirilməsi nəzərdə tutulub. Azərbaycan energetiklərinin çətin iş şəraitində nümayiş etdirdikləri yüksək peşəkarlıq və fədakarlıq işğaldan azad olunmuş ərazilərimizin elektrik enerjisi təchizatının uğurlu həllini daha da yaxınlaşdırır.

İşğaldan azad edilən ərazilərlə paralel olaraq, enerjisistemdə yenidənqurma, bərpa və modernləşdirmə prosesi uğurla davam etdirilir. 2018-ci ildən cənab Prezidentin tapşırığına əsasən ölkə enerji sistemində başlayan yeni islahatlara uyğun olaraq, mövcud generasiya güclərinin potensialı artırılır, elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində irimiqyaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilir. Xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm ki, 2018-ci ilin sentyabr ayında qəbul edilən “Reabilitasiya Proqramı”nın icrası bu il uğurla başa çatıb, Proqramda nəzərdə tutulmuş bütün tədbirlər tam yerinə yetirilib. Həyata keçirilmiş modernləşmə işləri nəticəsində mövcud elektrik stansiyaların qış rejimində 1000 MVt, yay rejimində isə 800 MVt-dan çox “itirilmiş” generasiya gücləri bərpa edilib. 

“Reabilitasiya Proqramı” çərçivəsində istismar müddətini çoxdan başa vuran "Azərbaycan” İES-in hər biri ayrıca elektrik stansiyası statusunda olan 8 enerji bloku yenidən qurularaq 600 MVt-dək yük bərpa edilib, stansiyanın ömrü ən azı 20 il uzadılıb. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının 500 və 330 kV-luq yarımstansiyaları tamamilə yenidən qurulub.

Bununla yanaşı, “Cənub” Elektrik Stansiyasının 2 saylı qaz turbini “General Electric” şirkəti ilə birgə tamamilə yenidən qurulub, 200 MVt-dan çox “itirilmiş” güc bərpa edilib. Etibarlı yanacaq təchizatını təmin etmək üçün stansiyaya 23 km məsafədə yeni qaz xətti çəkilməklə 12 MVt/saat xüsusi sərfiyyata qənaət edilib. Kür çayında su səviyyəsinin kritik həddə aşağı düşməsi ilə əlaqədar “Cənub” ES-in soyutma su təchizatı üçün suaşıran qurğu tikilib, yeni nasoslar quraşdırılıb.

“Şimal-1” Elektrik Stansiyasında “Mitsubishi” şirkəti ilə birlikdə əsaslı təmir işləri aparılıb, 20 MVt “itirilmiş” generasiya gücü bərpa edilib. Stansiyanın daxili işıqlandırılmasını təmin etmək məqsədilə soyutma su kanalının üzərində 300 kV gücündə SES tikilərək istifadəyə verilib.

İstismar müddətini başa vuran “Sumqayıt” ES isə “Siemens” şirkəti ilə birgə əsaslı təmir edilib, 20 MVt “itirilmiş” güc bərpa olunub. Stansiyanın soyutma su sistemində yaranan problemi aradan qaldırmaq məqsədilə Xəzər dənizində 750 metr məsafədə estakada  su nasos stansiyası tikilərək istismara verilib.

Qeyd edim ki, 2018-ci ilin sentyabr ayınadək modul tipli elektrik stansiyalarda (6 ədəd) aqreqatların 35 %-i tamamilə sıradan çıxmışdı, yerdə qalan aqreqatlar isə 60% gücündə işləyirdi. Modul elektrik stansiyaların real generasiya güclərini artırmaq məqsədlə Finlandiyanın “Wartsila” şirkəti ilə bağlanan müqavilələrə əsasən lazım olan ehtiyat hissələri ölkəyə gətirilmiş, stansiyalar əsaslı təmir olunaraq 260 MVt “itirilmiş” güc bərpa edilmişdir.

Enerjisistemin dayanıqlı iş rejiminin təmin edilməsi, artan güc tələbatının qarşılanması istiqamətində icra edilən  mühüm layihələrdən biri də “Qobu” enerji qovşağıdır. 385 MVt gücündə “Qobu” Elektrik Stansiyası və 330/220/110/10 kV-luq “Qobu” yarımstansiyasından ibarət olan bu enerji qovşağı Bakı və Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatında bir mənbədən asılılığı aradan qaldıracaq və dairəvi elektrik təchizat sxemləri ilə enerjisistemin dayanıqlı iş rejimləri təmin ediləcək. Stansiya yaxın illərdə respublikada fəaliyyətə başlayacaq bir sıra qeyri-neft sənayesi obyektlərinin, o cümlədən Ələt qəsəbəsinin yaxınlığında yaradılacaq Azad İqtisadi Zonanın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq.

Hazırda 385 MVt gücündə “Qobu” Elektrik Stansiyasının tikintisi başa çatıb və test rejimində işləyir. Həmçinin, tikintisi yekunlaşan 330 kV-luq “Qobu” yarımstansiyası enerjisistemə inteqrasiya olunub. Bu yarımstansiya 500 kV-luq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşımaqla 1000 MVt-dək  gücü qəbul edib ötürəcəkdir.

Respublikada generasiya güclərinin artırılması ilə yanaşı, ötürücü infrastrukturun yenidən qurulması istiqamətində də mühüm işlər görülüb.  Qonşu Gürcüstan və İran İslam Respublikası ilə elektrik enerjisi mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilib. 43,4 km məsafədə 330 kV-luq “Ağstafa–Qardabani” EVX tikilərək istismara verilib, ixrac gücü iki dəfə (700 MVt) artıb. Tikintisinə 2013-cü ildə başlanılan 67,5 km uzunluğunda 220 kV-luq “Masallı (Azərbaycan)-Astara (İran)” EVX-nin tikintisi isə yekunlaşmaq üzrədir. Dövlətlərarası yeni elektrik verilişi xətlərinin çəkilişi Azərbaycanın enerji mübadilə potensialını daha da yüksəldəcək, ölkəmizin beynəlxalq enerji bazarına çıxışını möhkəmləndirəcəkdir.

Elektrik enerjisi təchizatında etibarlılığı və dayanıqlılığı gücləndirmək məqsədi ilə ötən müddət ərzində 1 ədəd 500 kV-luq yarımstansiya (“Abşeron”) və 4 ədəd 220 kV-luq (“Müşfiq”, “Xırdalan”, “Hövsan”, “Nizami”) yarımstansiya yenidən qurulub, 1 ədəd 220 kV-luq “Böyükşor” yarımstansiyası tikilib. Həmçinin 18 ədəd 110 kV-luq yarımstansiya tam yenidən qurulub, 2 ədəd yeni yarımstansiya inşa olunub.

Azərbaycanın elektroenergetika sektorunun avtomatika və idarəetmə sahəsində də mütərəqqi metodların tətbiqi müsbət dəyişikliklər sırasında olmuşdur. Yeni SCADA sistemi – ABB şirkətinin müasir avadanlıq və proqram təminatı ilə təchiz edilmiş, “Azərenerji” ASC-nin 130-dək elektrik stansiyası və yarımstansiyalarını, “Azərişıq” ASC-nin qovşaq yarımstansiyalarını, həmçinin müstəqil generasiya obyektlərini birləşdirməklə enerjisistemin Baş İdarəetmə Mərkəzi yaradılmışdır. Yeni SCADA sistemi 2-3 dəfə genişlənmə resurslarına malik olmaqla enerjisistemin rəqəmsal idarəetməsini təmin edir.

Həmçinin yeni əks-qəza avtomatikası – enerjisistemin dayanıqlılığını və etibarlılığını təmin etməklə gözlənilməz təsirləri, qəza hallarını lokallaşdıraraq sistem qəzasına çevrilməsinin qarşısını alan xüsusi sistem yaradılıb. Reaktiv gücün kompensasiyası – 330 kV-luq “Yaşma” (120 MVAr) və “Goranboy” (180 MVAr) yarımstansiyalarında avtomatik idarəolunan şuntlayıcı reaktorlar quraşdırılıb ki, bu da enerjisistemin müxtəlif rejimlərdə təhlükəsizliyini təmin edir.

Həyata keçirilən Reabilitasiya tədbirləri, modernləşmə işləri nəticəsində yüksək səmərəlilik əldə edilib, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi aşağı düşüb. Şərti yanacaq sərfinin 2018-ci ildəki 284,0 qr/kVts-dan 262,8 qr/kVts-a enməsi nəticəsində 609,6 mln. m3 təbii qaza qənaət olunub, enerjisistem üzrə texniki itkilər 2018-ci ildəki 2,24 %-dən 1,74 %-ə enib. Ümumilikdə əldə edilən qənaət 92,6 mln. manat təşkil edir.

Sonda qeyd edim ki, 2003-cü ilə qədər Azərbaycanda cəmi 10 elektrik stansiyası mövcud idi. Cənab İlham Əliyev prezident seçildikdən sonra bütün sahələrdə müşahidə olunan dinamik inkişafa və elektrik enerjisinə olan tələbatın kəskin artmasına adekvat olaraq ölkədə 34 yeni elektrik stansiyası tikilib istismara verilib. Buna paralel olaraq, enerjinin ötürülməsi, paylanması və idarəedilməsi sahəsində irimiqyaslı, kompleks tədbirlər həyata keçirilib. Bir sözlə, cənab İlham Əliyevin hakimiyyətini əhatə edən tarixi dövr islahat, inkişaf və tərəqqi mərhələsi olmaqla yanaşı, Azərbaycan enerji sisteminin müasir üslubda yenidən qurulması və ya “qızıl dövrü” kimi xarakterizə oluna bilər. Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü enerji siyasəti nəticəsində ölkədə enerji təhlükəsizliyinə tam nail olunub, Azərbaycan faktiki olaraq elektrik enerjisini idxal edən ölkədən ixrac edən lider ölkəyə çevrilib.  

Energetika təsərrüfatında həyata keçirilən irimiqyaslı tədbirlər sayəsində Davos İqtisadi Forumunun hesabatında Azərbaycan elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünya miqyasında ikinci yerdə qərarlaşıb. Dünyanın mötəbər reytinq təşkilatının hesabatlarındakı bu qürurverici rəy Prezident İlham Əliyevin rəhbərliyi ilə enerjisistemdə həyata keçirilən misilsiz quruculuq işlərinə verilən yüksək beynəlxalq dəyərdir. Bu möhtəşəm yenidənqurma işlərində ölkə energetiklərinin az da olsa payının olması bizi çox sevindirir, gələcək işlərimizə stimul verir. Əminliklə qeyd edirəm ki, Azərbaycan energetikləri Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün tapşırıqları bundan sonra da ləyaqətlə icra edəcək, strateji hədəflərinə çatmaqda yüksək fəallıq nümayiş etdirərək üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirəcəklər.