AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİR

Image

Hazırda alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması baxımından xüsusilə aktualdır. Ümumiyyətlə, respublika istehlakçılarının elektrik enerjisi ilə təmin edilməsində, o cümlədən pik gücləri baxımından ölkədə fəaliyyət göstərən su elektrik stansiyalarının (SES) rolu əvəzsizdir.  Bu baxımdan sözügedən obyektlərə diqqətin artırılması və onların iş rejiminin günün tələblərinə cavab verə biləcək səviyyədə təmin edilməsi vacib amil hesab edilir. Belə obyektlərdən biri də qərb bölgəsinin enerji təchizatında, eyni zamanda pik güclərinin artırılmasında özünəməxsus payı və rolu olan Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi»dir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə sözügedən müəssisədən daxil olan məlumata görə, «Şəmkir SES Silsiləsi»nin kollektivi  son üç ay ərzində 184,9 milyon kilovatsaat elektrik enerjisi istehsal edib. Onu da qeyd edək ki, qeyd edilən həcmdən istehsal olunan enerjinin 121,8 milyon kolovatsaatı «Şəmkir SES»in, 63,1 milyon kilovatsaatı «Yenikənd SES»in payına düşür. Qeyd edək ki, Şəmkirli energetiklər mart ayında da məhsuldar işləmişlər. «Şəmkir SES» respublikanın enerji sisteminə 44,3 milyon kilovatsaat, «Yenikənd SES» isə 23,3 milyon kilovat-saat elektrik enerjisi ötürüb. Elektrik ener­jisinin istehsalına elektrik enerjisinin xüsusi sərfində birinci rüb əvəzində 24,4 min kilovatsaat enerjiyə qənaət olunub.

“Digər enerji obyektləri kimi adıçəkilən obyektdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir”, – deyən mənbə onu da bildirdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Nəzərdə tutulmuş təmir-bərpa işləri barədə məlumat verən  mənbə onu da qeyd etdi ki, hər iki stansiya üzrə təmir-bərpa işləri «Azər­enerji» ASC-nin təsdiq etdiyi  2015-ci ilin plan-qrafikləri üzrə aparılır. Bütün qurğu və avadanlıqlar saz vəziyyətdədir. 2015-ci ilin yaz sel-sularının qəbulu və ötürülməsinə hazırlıq işləri davam etdirilir.

Yeri gəlmişkən, avadanlıqlara texniki xidmət hər iki stansiyada işbilən və bacarıqlı mütəxəssislər tərəfindən aparılır. Xidmətlər yerli və zavod təlimatlarının tələblərində göstərilmiş normada icra olunurlar. Bütün avadanlıqlar diqqətdə saxlanılır.

Onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur.  Xatırladaq ki, silsiləyə “Şəmkir” və “Yenikənd” SES-ləri daxildir.