“ABŞERON REŞ”: YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR
Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsi, o cümlədən elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər cari ilin son üç ayında da davam etdirilmişdir. Bütün elektrik energetika müəssisələrində olduğu kimi “Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ) əmək kollektivi də qarşıya qoyulmuş vəzifələri vaxtında və layiqincə yerinə yetirmək üçün səylə çalışır. Belə ki, sözügedən REŞ-in balans mənsubiyyətinə aid olan yarımstansiyalarda təmir işləri təsdiq edilmiş qrafik üzrə keyfiyyətlə yerinə yetirilmişdir. Hazırda təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə cari ilin son 3 ayı ərzində həyata keçirilmiş tədbirlər barədə daxil olmuş məlumatda bildirilir ki, şəbəkəinin xidməti ərazilərində bir sıra enerji obyektlərində sistem əhəmiyyətli yenidənqurma və təmir bərpa işləri həyata keçirilmişdir.
Belə ki, 500 kV-lik “Abşeron” yarımstansiyasında eynigərginlikli 2-ci “Abşeron” hava xəttinin (HX) yuvasında bir dəst boşaldıcı quraşdırılmışdır. Eyni zamanda həmin bu yarımstansiyada 220 kV-lik açıq paylayıcı quruluşda (APQ) yeni tikilən 220 kV-lik “Böyük Şor” və “Qəbələ” HX-nin tikintisi üçün yeni quraşdırılmış yuvaların ikinci tərəf dövrələri yoxlanılmışdır.
“Sistem əks-qəza avtomatikasının müasir mikroprosessor texnologiyası əsasında modernləşdirilməsini nəzərdə tutan layihə üzrə işlər davam edir”, – deyən mənbə onu da qeyd etdi ki, 330 kV-lik 6-cı və 8-ci “Abşeron”, 3 saylı avtotransformatorun cərəyan dövrələri “AURA” qurğusuna qoşulmuşdur.
Yeri gəlmişkən, 500 kV-lik “Abşeron2 və 220 kV-lik “Səngəçal” yarımstansiyalarında yeni quraşdırılmış “AURA-64” qurğusunun cərəyan və gərginlik dövrələri qoşulmuş və yoxlanılmışdır.
Qeyd edək ki, şəhərin mərkəzi hissəsinin enerjitəchizatını həyata keçirən 220 kV-lik “Müşviq” yarımstansiyasında 220 kV-lik APQ-də mövcud eynigərginlikli ayrıcılar yenisi ilə əvəz edilməsi ilə əlaqədar yenidənqurma işləri davam etdirilir. Eyni zamanda 220 kV-lik “Səngəçal” yarımstansiyasında eynigərginlikli “Böyük Şor” HX-nin yuvaları da quraşdırılmışdır. Bütün bunlarla yanaşı 110 kV-lik “Binəqədi” yarımstansiyasında yeni quraşdırılmış 110 kV-lik 2-ci “Böyük Şor” HX-nin yuvalarında olan mühafizə və avtomatika dövrələrinin kabelləri çəkilmiş və quraşdırılmışdır.
“Yendənqurma və təmir işləri Bakı Şəbəkə Rayonunun balans mənsubiyyətinə aid olan hava elektrik verilişi xətlərindən (HEVX) də yan ötməmişdir”, – deyən mənbə onu da bildirdi ki, sözügedən dövrdə 110 kV-lik kilovoltluq 2-ci və 4-cü “Binəqədi” hava xətlərinin Stend Atıcılığı Kompleksinin ərazisindən keçən bir kilometrə yaxın hissəsində kabel xəttinə keçilmişdir.
Mənbədən o da bildirilir ki, mövcud hava şəraitinin mənfi fəsadları nəzərə alınaraq qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Məsələn, müvafiq su hovuzları su ilə doldurulur, köpük əmələ gətirən maddələr çənlərə qablaşdırılaraq saxlanılır. Bundan əlavə, yağ tutumlu avadanlıqların yağ sızmalarının qarşısı vaxtında alınır, yanğın əleyhinə tədbirlər görülür. Şəbəkə rayonlarında növbətçi heyətin yanğına qarşı hazırlığını artırmaq məqsədilə xüsusi təlimlər keçirilir.
Hazırda analoji tədbirlərin davam etdirildiyini bildirən mənbə onu da vurğuladı ki, bütün bunlar yarımstansiyaların, elektrik verilişi xətlərinin qəzasız və dayanıqlı işləməsi üçün əsaslı zəmin yaradır.