TEXNİKİ XİDMƏT DİQQƏT MƏRKƏZİNDƏDİR
Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş 12 aqreqatdan ibarət, ümumi gücü 105 MVt olan “Bakı” elektrik stansiyasında aqreqatlarda planlı təmir-sazlama işləri texniki xidmət qrafikinə uyğun aparılır. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyda cari ilin mart ayında 46,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin I rübü ərzində isə stansiyada 134,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki-istehsalat göstəriciləri üzrə də yüksək nəticələr əldə edilmişdir.
“Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, tapşırıqların uğurla yerinə yetirilməsində kollektiv səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər”, – deyən mənbə onu da qeyd etdi ki, təmir işləri stansıyanın təmir briqadası tərəfindən aparılır.
Onu da qeyd etmək yerinə düşərdi ki, son üç ay ərzində stansiyada müvafiq təmir işləri aparılmış, o cümlədən bir aqreqatda əsaslı təmir işləri başa çatdırılmış, digərində əsaslı təmir işləri davam edir və üç aqreqat isə əsaslı təmirə çıxarılmışdır. Bütün bunlarla yanaşı təmir qrafikinə uyğun olaraq digər aqreqatlarda da növbəti istismar həddinə uyğun texniki xidmət işləri aparılmışdır. Eyni zamanda generatorlarda da təmir işləri həyata keçirilmişdir.
Yanğın təhlükəsizliyi məsələsinin, abadlıq işlərinin də daima diqqət mərkəzində saxlanıldığını deyən mənbə əlavə etdi ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.