TEXNİKİ QULLUQ İŞLƏRİ HƏYATA KEÇİRİLMİŞDİR

Image

Postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürərək porşen tipli mühərriklərlə təmin olunmuş generatorlardan ibarət olan generasiya gücləri tikilərək istismara verilmişdir. Belə enerji obyektlərindən biri də “Şəki” elektrik stansiyasıdır. Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, plan tapşırıqların uğurla yerinə yetirilməsində kollektiv səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər. Hal-hazırda avadanlıqlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2015-ci ilin I rübü ərzində sözügedən stansiyada 81,9 milyon  kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. O cümlədən,  cari ilin mart ayında isə enerji obyektində 28 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki,  avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin I rübündə, o cümlədən mart ayında stansiyanın digər texniki iqtisadi göstəricilərində də qənaətbaxş nəticələr əldə olunmuşdur.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. İstismar səviyyəsinin yüksək həddə saxlanılmasını təmin etmək üçün texniki məsələlərə diqqətlə yanaşılır, vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Belə ki, tələbatçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində son üç ay ərzində stansiyada mühərrik-generatorlarda təlimata əsasən növbəti istismar həddinə uyğun texniki qulluq işləri həyata keçirilmiş, aqreqatların soyutma və yağlama sistemlərində yaranan qüsusrlar mütəmadi aradan qaldırılmışdır. Yeri gəlmişkən, cari ildə digər aqreqatlarda da əsaslı texniki xidmət işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.

Onu da qeyd edək ki, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın su çəni, nasos qurğusu, su kəməri şəbəkəsi və digər avadanlıqlar yoxlanılmış, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və daimi nəzarətdə saxlanılır.

Sonda onu da bildirək ki, işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilmişdir. Müəssisənin işçi personolı tərəfindən iş yerlərində sanitar gigiyena normalarının tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət edilmişdir. Məhz onun nətiəsidir ki, bu günə kimi istehsalatla bağlı heç bir xoşagəlməz hal qeydə alınmamışdır.

Xatırladaq ki, 10 aqreqatdan ibarət olan “Şəki” elektrik stansiyasının ümumi gücü  87 MVt-dır.