Bakıdakı 220 kV-luq yarımstansiyaların sayı 7-yə çatdırılır
Bakı
şəhərində sistem əhəmiyyətli 220 kilovoltluq yarımstansiya tikilir. Bununla da,
Bakı şəhərinin elektrik enerji təchizatında birbaşa əhəmiyyət kəsb edən 220
kV-luq yarımstansiyaların sayı yeddiyə çatdırılır. Belə ki, 1932-ci ildə tikilən
və istismar müddətini bitirən, ən qədim yarımstansiyalardan biri olan 110/35/6
kV-luq “Qala” yarımstansiyası sökülüb, gərginlik sinfi 220/110/35/6 kilovoltluq
gərginlik sinfinə keçirilərək yenidən inşa edilir. “Azərenerji”nin balansında
olan yarımstansiyada yeni 220 kilovoltluq gərginlik sinfi yaradılmaqla yanaşı,
110 kilovoltluq paylayıcı qurğu açıq, 35 və 6 kilovoltluq paylayıcı qurğular isə
qapalı şəkildə tam yenidən qurulur. Yarımstansiyanın ümumi gücü 150 meqavolt
amperdən 550 meqavolt amperə qaldırılır. Rəqəmsal qaydada yenidən qurulan
yarımstansiyada yeni idarəetmə mərkəzi tikilir.
“Azərenerji”nin
ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, burada
yerli SCADA, əks-qəza, mühafizə-avtomatika, sabit və dəyişən cərəyan qurğuları
ilə təchiz olunmuş idarəetmə sistemləri yaradılacaq, aktivlərin, proseslərin
idarə edilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları
proqram təminatı vasitəsi ilə avtomatik həyata keçiriləcək.
Yarımstansiyanın
220 kilovoltluq ötürücü şəbəkə ilə əlaqələndirilməsi üçün 220 kilovoltluq 3-cü
“Hövsan” və 4-cü “Zabrat” hava xətlərinin giriş-çıxış sxemi ilə qoşulması və
“Şimal” Elektrik Stansiyasından 220 kV-luq ikidövrəli elektrik xəttinin çəkilməsi
nəzərdə tutulub. “Azərenerji” tərəfindən bu yarımstansiyanın yenilənməsi ilə “Şimal”
Elektrik Stansiyasında istehsal olunan enerjinin etibarlı ötürülməsinə, ötürücü
sistemin optimal yük rejiminə, istehlakçıların daha keyfiyyətli və dayanıqlı
elektrik enerjisi ilə təchiz edilməsinə, eləcə də texniki itkilərin azaldılmasına
nail olunacaq.