“ENERGETİKLƏR ŞƏHƏRİ” MÖTƏBƏR YARIŞLARA HAZIRLAŞIR
Bu il iyunun 12-dən 28-dək keçiriləcək Birinci Avropa Oyunlarına paytaxt Bakı ilə yanaşı Mingəçevir də ev sahibliyi edəcək. Mingəçevirin il boyu günəşli iqlimi, qiş aylarında Kür çayının donmaması su idmanı həvəskarları üçün respublika miqyasında əlverişli imkan yaradıb. Məhz bu səbəbdəndir ki, birinci Avropa Oyunlarının avarçəkmənin kayak və kanoe növləri üzrə yarışları Mingəçevirdə həyata keçiriləcək. Şəhərdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb. “Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, Mingəçevirdə 24 yaşayış binasını qidalandıran naqillərin 3 min metri yeni SİP kabellə əvəzlənib, 6 kV-lik hava xətlərində 4 km naqil dəyişdirilib. 41 transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib və 5 min metr hava xətti yeraltı kabel xətti ilə əvəzlənib. 110/35/6 kV-lik “Şəhər” yarımstansiyasından çıxan və “Karxana” yarımstansiyasını qidalandıran 35 kV-lik hava xəttinin dirəkləri və xətti tamamilə yenilənib. Açıq tipli yarımstansiyalar qapalı tipli yarımstansiyalarla əvəz olunub. Bəzi transformatorların, yarımstansiyaların çəpərlənmə səviyyəsi normal vəziyyətə gətirilib.
Yeri gəlmişkən, yarışlar zamanı Mingəçevirin elektrik enerjisi ilə yüksək səviyyədə təminatı da diqqətdən kənarda qalmayıb. Hal-hazırda “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə (OTİM) yeni xətt çəkilir.
Xatırladaq ki, ötən əsrin 60-cı illərinin ortalarında təməli qoyulmuş “Kür” Olimpiya Tədris-İdman Mərkəzi uzun illər Avropada və MDB məkanında analoqu olmayan bir idman şəhərciyi idi. Su idmanının inkişafında onun müstəsna xidmətləri olub və Mingəçevir respublikamızın bu idman növü üzrə mərkəzi sayılıb. 2004-cü ildə Prezident İlham Əliyevin Mingəçevirə gəlişi şəhərin digər sahələri kimi bu idman mərkəzinin gələcək taleyində mühüm rol oynayıb. Bu məkanın müasir tələblərə uyğun yenidən qurulmasına dair ölkə prezidenti sərəncam verib. Həmçinin Milli Avarçəkmə Federasiyası yaradılmaqla bu idman növünün dirçəliş dövrü başlayıb. Beynəlxalq standartlara uyğun olaraq yenidən qurulan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi 2010-cu ildə istismara verildi və bununla da şəhərdə tez-tez yerli və beynəlxalq miqyaslı avarçəkmə yarışları geniş vüsət aldı.