YENİ TRANSFORMATOR QURAŞDIRILIB

Image

Ümummilli Liderimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycanda müstəqil energetika sisteminin formalaşması mümkün olmuşdur. Bütün sahələrdə, həmçinin elektrik enerjisi sahəsində də əldə olunan yeniliklər Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bilavasitə onun göstərişləri əsasında aparılan genişmiqyaslı quruculuq işləri, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər sosial problemlərin həllinə yönəldilmişdir. Təbii ki, yeni-yeni sənaye və ticarət obyektləri, sosial-mədəniyyət obyektləri yaranır ki, bunlar da öz növbəsində yeni enerji obyektlərinin yaradılmasını, onların yenidən qurulmasını tələb edir. Yeni elektrik güc mərkəzlərinin işə salınması bölgələrin, o cümlədən şimal bölgəsinin sosial-iqtisadi inkişafını daha da sürətləndirib.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, 110 kV-lik “Siyəzən-Broyler” yarımstansiyasında yeni 2 saylı 10 MVA gücündə transformator və 10 kV-lik giriş yağ açarlı yuva quraşdırılmışdır. Eyni zamanda 2-ci şin sistemində yağ açarı yeni tipli eleqaz açar ilə əvəz olunmuşdur. 3 saylı 10 MVA transformatorun 35 kV-lik tərəfində yeni tipli gərginlik məhdudlaşdırıcısı quraşdırılmışdır. Yeri gəlmişkən, hazırda burada yeni 10 kV-lik qapalı paylayıcı quruluşun (QPQ) quraşdırılması işləri davam etdirilir. 110 kV-lik “Siyəzən” yarımstansiyasında isə sözügedən gərginlikli 1-ci və 2-ci şin sistemlərində gərginlik məhdudlaşdırıcısı quraşdırılmışdır. Eyni zamanda 1-ci, 2-ci və 4-cü “Siyəzən”, 4-cü “Yaşma” hava xətlərinin xətt ayrıcıları, 1-ci və 2-ci şin sistemində şin ayrıcılar və digər avadanlıqlar da təmir edilərək saz vəziyyətə gətirilmişdir.

Yeri gəlmişkən onu da qeyd edək ki, 110 kV-lik “Siyəzən” yarımstansiyasının açıq paylayıcı quruluşunda (APQ) eleqaz açar və digər müasir tipli avadanlıqlarla komplektləşdirilmiş  iki ədəd yeni 110 kV-lik yuvaların quraşdırılması işləri də aparılmışdır ki, bu da “Taxta Körpü” SES-in enerjisistemə qoşulmasına xidmət edir.

Mənbə 110 kV-lik “Şabran” yarımstansiyasında da avadanlıqların dəyişdirilməsi və əsaslı təmiri barəsində məlumat verərkən onu da bildirdi ki, balans mənsubiyyətinə aid olan 35 kV-lik yarımstansiyalarda da yenidənqurma və müxtəlif  təyinatlı təmir işləri həyata keçirilmişdir. Buna misal olaraq 35 kV-lik “Qusar”, “Cağar”, “Zeyxur”, “Kanal” və digər yarımstansiyalarda gərginlik məhdudlaşdırıcısının quraşdırılmasını, güc transformatorlarının təmirini göstərmək olar.

Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən işlərdən söz açan mənbə onu da qeyd etdi ki, yarımstansiyalarda olan ilkin yanğınsöndürmə balonları təftiş olumuş, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır. Yarımstansiyalarda APQ-nin ərazisi otlardan təmizlənmiş, avadanlıqlarda olan yağ sızmaları aradan qaldırılmış, kabel kanallarının kipləşdirilməsi işləri aparılmışdır.