TİKİNTİ İŞLƏRİ DAVAM EDİR

Image

İqtisadiyyatımızın əsası olan və bütün sahələrin inkişafına müsbət təsir göstərən sənaye və energetikanın davamlı və tarazlı inkişafına yönəldilmiş bir sıra mühüm dövlət proqramları uğurla həyata keçirilmişdir. Dövlət Proqramı çərçivəsində yeni elektrik stansiyalarının inşası ilə yanaşı, müasir tipli yarımstansiyalar, elektrik verilişi xətləri də tikilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir.

“Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, ötən il gücü 2x180 MVA yeni 220 kV-luq “Ağdaş” yarımstansiyası (YS) tikilib istismara  verilmişdir. Layihə çərçivəsində uzunluğu  258 km  olan ikidövrəli “Mingəçevir ES-Abşeron YS” hava xəttinin tikintisi tamamlanmışdır. 220 kV-luq  “Ağdaş” YS-nin 110 kV-luq  şəbəkəyə birləşdirilməsi üçün 23,0 km yeni 110 kV-luq hava xətti tikilmişdir. Tikinti işləri davam edir.

Yeri gəlmişkən, Ağdaş YS respublikada sayca 13-cü 220 kilovoltluq yarımstansiyadır. Yarımstansiyanın istismara verilməsi ətraf rayonları elektrik enerjisi ilə daha da dayanıqlı təmin etmək imkanlarını artırmışdır.

Ötən il 330 kV-luq “Goranboy” paylayıcı məntəqəsinin inşası, uzunluğu 165,8 km 330 kV-luq “Goranboy PM-İmişli YS” hava xəttinin tikintisi, 330 kV-luq 5-ci “Mingəçevir” və 6-cı “Mingəçevir” hava xətlərinin “PM”-yə giriş-çıxış layihələri üzrə tikinti-quraşdırma işləri başa çatdırılmış və Ölkə Prezidentinin iştirakı ilə açılışı olmuşdur. Xatırladaq ki, bu infrastruktur layihəsinin həyata keçirilməsi “Azərbaycan İstilik Elektrik Stansiyası”, “Goranboy” paylayıcı elektrik məntəqəsi, “İmişli” yarımstansiyası, “Şirvan Elektrik Stansiyası”, “Abşeron” yarımstansiyası arasında enerji sistemində ikinci 330 kilovoltluq enerji dövrəsinin yaradılmasına və qonşu İran İslam Respublikası ilə enerji mübadiləsinin həcminin artırılmasına imkan vermişdir. Müvafiq sxem dəyişikliyi etmək və avtotransformator quraşdırmaqla, paylayıcı məntəqəni yarımstansiyaya çevirmək mümkündür. Gələcəkdə belə sxem dəyişikliyinin aparılması, işğaldan azad olunacaq ərazilərin elektrik enerjisi ilə təchizatının bu paylayıcı məntəqənin yarımstansiyasından həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən dövrdə uzunluğu 39 kilometrə yaxın olan 220 kV qabaritdə ikidövrəli 110 kV-luq “Səngəçal ES-Müşfiq YS” hava xəttinin tikintisi  başa çatdırılmışdır.

Respublikanın enerji təchizatında müstəsna əhəmiyyəti olan aralıq dayaqları tarazlayıcı trosla inşa olunmuş  500 kV-luq 2-ci “Abşeron” və 330  kV-luq 1-ci “Abşeron”, 6-cı “Cənub”, 8-ci “Abşeron”, 220 kV-luq  1-ci “Hövsan” hava xətlərinin “U” şəkilli boltlarının torpaq səthinə çıxarılmaqla dəyişdirilməsi  üzrə yenidənqurma işləri aparılmışdır. Hava xətlərinin ümumilikdə 600 km-dən  artıq hissəsində bu işlər başa çatdırılmışdır. Bu tədbir hava xətlərinin dayanıqlığının artırılması istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən hesab olunur.

Onu da qeyd edək ki, gücü 2x10 MVA 35/10 kV-luq “Qəşrəş” YS-nın  inşası, 35 kV-luq  “Quba YS-Qəşrəş YS” hava xəttinin tikinti layihələri üzrə YS-larda transformator və digər elektrik  avadanlıqları quraşdırılmış,  hava xətlərinin  tikinti işlərinə başlanılmışdır. Eyni zamanda gücü 2x6,3 MVA  35/10 kV-luq “Təngəaltı” YS-nın inşası, 35 kV-luq “Quba YS-Təngəaltı YS” hava xəttinin tikintisi də ötən ilin işlərinin siyahısına daxildir.

Sonda onu da qeyd edək ki, 35-500 kV-luq elektrik verilişi xətləri üzrə hesabat ilində 2,2 min kilometrdən artıq  hava  xətti əsaslı təmir edilmiş, həmçinin, 1,1 min kilometrdən çox  yeni xətlər çəkilmişdir.