Bakıda “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib
Dekabrın 18-də Bakıdakı Four Seasons hotelində “Xəzər-Avropa Birliyi
Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın
enerji qurumları arasında görüş keçirilib.
Görüşdə “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev, Energetika
nazirinin müavini Elnur Sultanov, “Gürcüstan Dövlət Elektrik Sistemi” şirkətinin Baş
Direktoru George Gigineishvili, Rumıniyanın “Transelectrica”
şirkətinin İdarə heyətinin üzvü Bogdan Toncescu və Macarıstanın “MVM” Grupun
nümayəndəsi Robert Endrejterin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak
edib.
Qeyd edək ki, “AzərEnerji” ASC-nin təşkilatçılığı ilə düzənlənən bu tədbir
17 dekabr 2022-ci il tarixində Buxarest şəhərində Azərbaycan, Gürcüstan,
Rumıniya və Macarıstan ölkələrinin dövlət və hökumət başçıları tərəfindən
imzalanmış “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq
haqqında Saziş”-in icrası istiqamətində keçirilib.
Sazişə əsasən, Xəzər dənizi üzərində və ətrafında yaradılacaq bərpa
olunan enerji mənbələrində istehsal olunan yaşıl enerjinin Azərbaycandan
Gürcüstana, oradan isə kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıniya
və Macarıstana, oradan isə Avropa Birliyi ölkələrinə ötürülməsi, bununla da “Xəzər-Avropa
Birliyi Yaşıl Enerji Dəhlizi”nin yaradılması tərəflər arasında əsas prioritet
olaraq qəbul olunub.
Sazişin icrası istiqamətində 4 ölkənin məsul nazirlərindən ibarət
yaradılmış Rəhbər Komitənin artıq 5
iclası keçirilib. Budapeşt şəhərində keçirilmiş son görüşdə növbəti addım
olaraq Bakıda ötürücü qurumların arasında Birgə Müəssisənin yaradılması məqsədi
ilə görüşün təşkil edilməsi razılaşdırılmışdır.
Bu xüsusda 18 dekabr tarixli tədbirin məqsədi tərəflərin məsul
qurumları arasında ilk işçi görüşün keçirilməsi və layihənin icrası ilə bağlı
hüquqi və digər praktiki aspektlərinin müzakirəsidir.
Görüşdə birgə Müəssisənin yaradılması və layihənin davamı üçün yol
xəritəsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün razılaşma protokolu
imzalanıb və növbəti görüşün bu formatda Gürcüstanda keçirilməsi
razılaşdırılıb.