ENERJİSİSİSTEM DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR
Ölkə elektrik enerjisi sistemində Dövlət Başçımızın rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində enerjisisistemin dayanıqlığı daha da möhkəmlənmiş və keyfiyyəti də əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Məhz onun nəticəsidir ki, respublika energetikləri ölkənin elektrik enerjisi ilə normal təchiz olunması məsələsinin öhdəsindən həmişə uğurla gəlirlər.
Qeyd edək ki, xalqımız özünün ən müqəddəs bayramlarından biri olan Novruz bayramını böyük ruh yüksəkliyi ilə qarşılamağa hazırlaşır. Bayramın yüksək səviyyədə keçirilməsi, insanların normal istirahətinin təmin olunması üçün şübhəsiz ki, infrastruktur sahələrinin də üzərinə böyük vəzifələr düşür. Bu baxımdan, digər günlərə nisbətən bayram günlərində elektrik enerjisinə olan tələbatın artması ilə əlaqədar elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq "Azərenerji" ASC-nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir. Bu bayram günlərində də respublikamızda enerjitəchizatı müəssisəsinin tələbatına uyğun elektrik enerjisi ilə təmin edilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilmiş və bütün imkanlar səfərbər edilmişdir.
Səhmdar Cəmiyyətin Enerjinin İstehsalı idarəsindən aldığımız məlumata görə, Novruz bayramı üçün nəzərdə tutulan 8 gün ərzində stansiyaların keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrdə məsul növbətçilər və əlavə qəza-bərpa briqadaları fəaliyyət göstərəcək. Eyni zamanda, həmin günlərdə qrafik üzrə planlaşdırılmış təmir işlərin aparılması nəzərdə tutulmur.
Səhmdar cəmiyyətin Elektrik Enerjisinin Ötürülməsi idarəsindən əldə etdiyimiz məlumata görə, istehlakçıların bayram günlərində elektrik enerjisinə artan tələbatlarının daha dolğun şəkildə ödənilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib. İlin əvvəlindən nəzərdə tutulan işlər yerinə yetirilib. Bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib. Əlavə mal – material ehtiyatı yaradılmış və növbətçi briqadaların sayı artırılmışdır. Bu briqadalar nəqliyyat vasitəsilə təmin olunmuşdur.
Ümumiyyətlə, kollektivin hər bir üzvü digər günlərdə olduğu kimi bu bayram günlərində də qarşıya qoyulmuş vəzifənin öhdəsindən layiqincə gələcəklərinə əmindirlər.