ÖTÜRÜCÜ İNFRASTRUKTURDA TƏMİR İŞLƏRİ APARILIR
“Dövlətimizin başçısı son vaxtlar generasiya güclərinin artırılması ilə yanaşı, elektrik energetika sisteminin dayanıqlığının möhkəmləndirilməsi və istehsal olunan elektrik enerjisinin keyfiyyətli şəkildə istehlakçılara çatdırılması məsələsini başlıca vəzifə olaraq qarşıya qoymuşdur. Bu istiqamətdə ayrı-ayrı şəbəkələrdə, o cümlədən “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ndə (YGEŞ) də geniş tərkibli tədbirlər planı hazırlanıb həyata keçirilmiş və bu işlər durmadan davam etdirilir”, – deyən “Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsinin məsul işçisi görülmüş işlər barəsində Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə məlumat vermişdir.
Onun sözlərinə görə, sözügedən YGEŞ-in balans mənsubiyyətinə aid olan 110 kV-lik 1-ci və 2-ci Yaşma hava xətlərinin (HX) təhlükəsizliyinin və dayanıqlığının daha da mıhkəmləndirilməsi məqsədilə 6 ədəd dayağı yeni 8 ədəd dayaqla əvəzlənmişdir. 3-cü və 4-cü “Sumqayıt” HX-lərin 8 ədəd dayağı yeni 11 ədəd dayaqla əvəzlənmiş, bir neçə dayaqlararası aşırımda isə naqil dəyişdirilmişdir. Qeyd edək ki, 2-ci və 5-ci “Sumqayıt” HX-lərində də naqillər dəyişdirilmiş, 2-ci “Siyəzən” HX-də isə anker dayaq yenisi ilə əvəzlənmişdir.
Yeri gəlmişkən, sistemtəşkiledici 330 KV-liik 8-ci “Abşeron”, 220 kV-lik “Yaşma” HX-lərin bütün, 330 kV-lik “Xaçmaz” HX-nin isə üç aralıq dayaqlarında ümumilikdə 160-a yaxın “vant” trosların özülləri tam dəyişdirilmişdir. Bütün bunlarla yanaşı 110 kV-lik 1-ci və 2-ci “Yaşma”, 5-ci, 7-ci və 9-cu “Sumqayıt” və digər HX-lərində isə şleflər təftiş edilmiş və müxtəlif təyinatlı təmir işləri aparılmışdır.
Digər təmir işlərindən danışan mənbə cari ildə davam etdiriləcək yenidənqurma işləri barəsində onu da bildirdi ki, 110 kV-lik 5-ci 2Sumqayıt” HX-nin 15-ə yaxın anker və 30-dan artıq aralıq dayağının və 64 dayaqlararası aşırımda naqilin dəyişdirilməsi, 1-ci “Xirdalan” HX-nin 45 dayağının dəyişdirilməsi və həmin hissədə naqilin yenisi ilə əvəzlənməsi tədbirlər planında nəzərdə tutulmuşdur.
Tədbirlər planına uyğun olaraq 110 kV-lik 5-ci “Xırdalan”, 1-ci və 2-ci “Siyəzən”, “Giləzi”, ikidovrəli “Yaşma” HX-lərində ümumilikdə 550-dən artıq anker və aralıq dayaqları da dəyişdiriləcəkdir. Bütün bunlarla yanaşı 1-ci və 2-ci “Şamaxı” HX-lərdə müəyyən təbii proseslər nəticəsində əyilmiş, ümumilikdə 20-yə yaxın dayağın da düzləndirilməsi planlaşdırılmışdır.
Sonda onu da qeyd edək ki, yüksək gərginlikli xətt və avadanlıq ustaları “Sumqayıt REŞ”in xidməti ərazilərində mövsümü qəzasız və qüsursuz başa vurmaq üçün uğurlu fəaliyyətlərini davam etdirirlər. Digər enerji müəssisələrində olduğu kimi, burada da yanğın təhlükəsizliyi tədbirləri daim diqqət mərkəzindədir. Belə ki, EVX-lərin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənmişdir. Eyni zamanda mühafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edilmiş və aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır.