2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda 550 milyon kVts “yaşıl enerji” istehsal edilib

2024-cü ilin 12 ayında Qarabağ və Şərqi Zəngəzurdakı
32 su elektrik stansiyasında “AzərEnerji” tərəfindən 550 milyon kilovat
saatadək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub. Həmin 550
milyon kilovat saat enerjinin üçdə biri, yəni 200 milyon kilovat saata yaxını
işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan üçdə iki
hissəsi isə Respublika enerjisisteminə ötürülərək ölkənin digər yerlərinin
tələbatına yönləndirilib. Nəticədə, 120 milyon kub metr təbii qaza qənaət
edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
Qeyd edək ki, təkcə 2024-cü il ərzində Qarabağ və
Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının
açılışı olub. Belə ki, Kəlbəcər
rayonunda son dörd ildə “AzərEnerji” tərəfindən işğaldan azad edilən
ərazilərdə tikilən ən böyük su elektrik stansiyası - 22,5 MVt-lıq “Yuxarı
Vəng”, 4,3 MVt-lıq “Zar”, Laçın
rayonunda 2,8 MVt-lıq “Zabux”, 4,6 MVt-lıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü
10,5 MVt olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları
istismara verilib.
Bununla da, Prezident İlham Əliyevin Qarabağ və Şərqi
Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığının icrası
üzrə işlər ardıcıllıqla görülməkdədir. Belə ki, 4 il ərzində 270 MVt gücündə 32
su elektrik stansiyası istismara buraxılıb və 2025-ci ildə isə daha 11 su
elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə isə növbəti illərdə
əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi
nəzərdə tutulur.