LAYİHƏLƏR UĞURLA İCRA EDİLİR

Image

Ölkəmizidə biznes-muhitin inkişaf etməsi üçün güclu sənaye infrastrukturu və ilk növbədə  dayanıqlı enerji sisteminin olması lazımdir. Məhz bu istiqamətdə enerjisistem üzrə həyata keçirilən layıhələrdən yekunlaşmaqda olanı da var, davam etməkdə olanı da.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İda­rəsindən SC-in Mətbuat xidmətinə daxil olan məlumata görə, yeni generasiya güclərinin yaradılması və mövcud olanların gücünün artırılması istiqamətində tədbirlər davam etdirilir. Ötən il ərzində ən mühüm tədbirlərdən biri “Şimal Elektrik Stansiyası”nda 409 meqavat gü­cündə ikinci buxar-qaz qurğusunun tikintisi - “Şimal-2” layihəsinin icrasının daha da sürətləndirilməsidir. Bu layihənin reallaşdırılması ilə Bakı şəhəri, Bakıətrafı kəndlər, Abşeron yarım­adası, ümumilikdə isə enerjisis­temin dayanıqlığı daha da artırılmış olacaqdır. Hazırda gücü 409 MVt olan “Şimal-2” Buxar-Qaz Elektrik Stansiyasının tikintisi müəyyən edilmiş qrafikə uyğun davam etdirilir. Layihə  çərçivəsində “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları üçün yeni soyutma sisteminin, 220 və 110 kilovoltluq  yarımstansiyaların, dəniz suyunun duzsuzlaşdırılması sisteminin qurulması nəzərdə tutulur. Stansiyanın 2015-ci ildə istismara verilməsi planlaşdırılır.

Mühüm əhəmiyyəti ilə seçilən hadisələrdən biri - Lerik və Yardımlı rayonlarının daha da dayanıqlı enerji təchizatı layihəsi üzrə gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisi başa çatmaq üzrədir. Stansiyanın cari ildə istismara verilməsi nəzərdə tutulur.

İqtisadi rayonlar üzrə kiçik su elektrik stansiyalarının tikintisi prioritet layihələr sırasındadır. Ənənəvi enerji növləri ilə yanaşı, ölkənin hidropotensialından daha səmərəli istifadə olunması  istiqamətində bir çox layihələr başa çatdırılıb, bəzi layihələr üzrə isə işlər qrafikə uyğun davam etdirilir. Belə ki, 3,3 MVt-lıq “Göyçay-1” və 1,5 MVt-lıq “Balakən-1” su elektrik stansiyaları istismara tam hazırdır və bu stansiyalarda test rejimində elektrik enerjisi istehsal edilir. Gücü 1,6 MVt olan “İsmayıllı-2”, gücü 0,3 MVt olan “Astara-1”, ümumi gücü 3,6 MVt olan “Oğuz-1”, “Oğuz-2” və “Oğuz-3” su elektrik stansiyalarının tikintisi başa çatmaq üzrədir. Kiçik SES-lərin mərhələli şəkildə istismara verilməsi nəzərdə tutulur. Bu stansiyalarda istehsal olunan enerji sistemə ötürülməklə müvafiq olaraq yaxınlıqda yerləşən bir sıra yaşayış məntəqələrinin enerji təchizatı daha da yaxşılaşacaqdır.

Su elektrik stansiyalarının po­ten­sialının yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlər reallaşdırılır. Bu işlər əsasən respublikamızın qərb bölgəsində yerləşən 400 meqavat gücündə “Min­gəçevir” və 16,5 meqavat­lıq “Var­vara” su elektrik stansiyalarında aparılır. Məqsəd bu nur mənbələrinin layihə gücünə çatdırılması və istismar müddətlərinin artırılmasıdır.

 

Xatırladaq ki, ən müasir texnologiyalara əsaslanan yeni energetika obyektlərinin inşa edilməsi, yeni generasiya güclərinin işə salınması nəticəsində Azərbaycan nəinki özünün elektrik enerjisinə olan tələbatını tam ödəməyə nail olmuş, eyni zamanda bölgədə elektrik enerjisi ixracatçısı mövqeyinə çıxmaq imkanları əldə etmişdir.  Hazırda respublikanın elektrik enerjisi sisteminin ümumi generasiya gücü 6300 meqavatdan artıqdır və Azərbaycan artıq qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində mühüm rol oynayır.