AZURE layihəsinin birinci mərhələsi yekunlaşmaqdadır Ölkənin ən böyük qovşaq yarımstansiyası tikilir
Azərbaycanda
bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi (AZURE)
üzrə işlər davam edir. Qeyd edək ki, AZURE layihəsinin icra olunmasında əsas məqsəd
Azərbaycanda tikilən 2 qeqavat bərpa olunan enerji mənbələrinin enerjisistemə
inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirməkdir. Bunun üçün
ölkədə əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün Respublikanın ən
böyük yarımstansiyalarından biri - 500/330 kV-luq “Nəvahi” Enerji Qovşağı
tikilir və ordan ölkənin müxtəlif istiqamətlərinə 500 və 330 kilovoltluq yüksəkgərginlikli
ötürmə xətləri çəkilir.
AZURE
layihəsinin icrası, cari vəziyyət və aktual mövzularla bağlı yeni tikilən “Nəvahi”
Qovşaq yarımstansiyasında müşavirə keçirilib. “AzərEnerji” ASC-nin rəhbərliyi,
Dünya Bankı və Masdar şirkətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə
keçirilən müşavirədə layihənin gedişatı, qarşıda duran vəzifələr barədə müzakirələr
aprılıb. Bildirilib ki, AZURE layihəsi üzrə birinci mərhələdə “AzərEnerji”nin
daxili imkanları və bir hissəsi dövlət büdcəsi hesabına ayrılan vəsaitlə tikilən
yeni yarımstansiyanın və onun 330 kilovoltluq tərəfinin, o cümlədən Nəvahidən
Abşerona 500 kilovotluq, “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarına
330 kilovoltluq ötürmə xətlərinin çəkilməsi işi artıq yekunlaşmaqdadır. İcra
qrafikinə əsasən, 2024-cü ilin sentyabr ayından başlanılan işlərin əsas hissəsi
görülüb və birinci mərhələ üzrə işlər son fazadadır. Bununla, “Bankə” və “Biləsuvar” günəş elektrik
stansiyalarının enerjisistemə qoşulması öhdəliyi yerinə yetiriləcək.
Bu
böyük enerji layihəsinin ikinci mərhələsində isə Dünya Bankının maliyyələşdirilmə
hissəsinə start verilməsi nəzərdə tutulur. Dünya bankının krediti hesabına “Nəvahi”
yarımstansiyasının 500 kilovoltluq tərəfinin və yarımstansiya üçün
transformator, əlaqəli avadanlıqların alınması və quraşdırılması, habelə adıçəkilən
yarımstansiyadan Mingəçevirə 500 kilovoltluq, o cümlədən Ələt, Abşeron və
Qobuya 330 kilovoltluq ötürmə xətlərinin tikintisi həyata keçiriləcək. Bu mərhələnin
isə 3 il müddətinə icra olunması nəzərdə tutulub.