AzərEnerji-də Anım Günü ilə bağlı tədbirlər keçirilib
27 Sentyabr – Anım Gününün beşinci ildönümü
münasibətilə “AzərEnerji” və “Azərişıq”ASC-lərin rəhbərliyi və kollektiv
üzvləri Zəfər Abidəsini ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad
ediblər.
Eyni zamanda “AzərEnerji”nin Baş idarəetmə, elm və
tədris kompleksində Anım Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbir
şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin
səsləndirilməsi ilə başlayıb.
Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan Cənab
İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük
Vətən müharibəsi xalqımızın tarixinə ən şanlı səhifə kimi yazılıb.
Məlumat verilib ki, müharibədə “AzərEnerji”nin 183 əməkdaşı
iştirak edib. Onlardan 2 nəfər şəhidlik zirvəsinə ucalıb, 9 nəfər qazi olub,
172 nəfər dövlət tərəfindən medallarla təltif edilib. Bundan başqa, 12
əməkdaşın ailə üzvü şəhid olub.
Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı
“AzərEnerji” kollektivinin bütün üzvləri gecə-gündüz çalışaraq ölkənin
fasiləsiz enerji təchizatını təmin ediblər. Düşmən ordusunun strateji
obyektlərə, o cümlədən Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik
Stansiyasına və bəzi yarımstansiyalara hücumlarına baxmayaraq, enerji sistemi
sabit saxlanılıb.