“ŞƏKİ ES”: GÖRÜLƏN IŞLƏR ÜRƏKAÇANDIR
“Şəki Elektrik Stansiyası” istismara verildiyi gündən qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacarmış və bu müsbət ənənənin uğurla davam etdirilməsini kollektiv özünün başlıca məqsədi sayır.
Stansiyanın məsul işçisi “Azərenerji” ASC-nin Mətbuat xidmətinə bu barədə məlumat verərkən dedi: «Stansiyamız 2014-cü il ərzində nəzərdə tutulmuş texniki-iqtisadi göstəriciləri artıqlamasilə yerinə yetirib. Belə ki, 267,5 milyon kilovat-saat elektrik enerjisi əvəzinə 273 milyon 771 min kVt-saat, yəni nəzərdə tutulduğundan 6 milyon 271 min kilovat-saat çox elektrik enerjisi istehsal edib. Bu isə qurğu və avadanlıqların saz saxlanılması, onlara düzgün texniki qulluq sayəsində, kollektivin əzmkarlığı hesabına əldə olunub”.
Cari ilə də kollektiv uğurla qədəm qoyub. Proqnozlaşdırılmış 28 milyon kilovat-saat elektrik enerjisi əvəzinə 28 milyon 574 min kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da yanvar ayı tapşırığına artıqlamasilə əməl edilməsi deməkdir. Enerji istehsalı üzrə verilmiş tapşırıqların yerinə yetirilməsi ilə yanaşı stansiyanın payız-qış mövsümünə hazırlığı, avadanlıqların keyfiyyətli istismarının təşkil olunması, qəza və imtinaların sayının minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi və baş verə biləcək qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində operativliyin təmin olunması məqsədilə hazırlanan müvafiq planlar çərçivəsində bütün zəruri tədbirlər ardıcıllıqla həyata keçirilir.
Hazırda stansiyanın istismar fəaliyyəti qrafikə uyğun davam etdirilir. 2014-cü ilin son üç ayında stansiyanın personalı tərəfindən növbəti istismar həddinə uyğun texniki xidmət işləri yerinə yetirilib. Bununla yanaşı 110 kV-lik APQ-nin avadanlıqlarının keyfiyyətli istismarının təşkili və payız-qış mövsümünə hazırlığı məqsədilə 25 MVA-lıq güc transformatorlarında, 110 kV-lik eleqaz açarlarında və digər yarımstansiya avadanlıqlarında cari təmir işləri görülüb, bütün avadanlıqlar yoxlanılıb, mühafizələr qaydaya salınıb.
Stansiyada sağlam və təhlükəsiz iş şəraiti yaratmaq məqsədilə heyətə xüsusi isti paltarlar, gödəkcələr, işçi ayaqqabıları alınıb və mövsümdə paylanması nəzərdə tutulur. Kollektivə nümunəvi iş şəraiti yaradılıb. Burada texniki təhlükəsizlik qaydalarına ciddi əməl edilir. Stansiya bunun nəticəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi» devizi ilə keçirdiyi müsabiqədə dəfələrlə qabaqcıl yerlərə layiq görülüb.