“Energetiklər Günü” ilə bağlı “AzərEnerji” silsilə tədbirlər keçirib
Əvvəlcə
Energetika Nazirliyi, “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin rəhbərliyi və
kollektivi Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil
dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib,
məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra Energetiklər Şəhidlər
Xiyabanına baş çəkərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsini anıblar.
Bayram
tədbiri “AzərEnerji” ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya
kompleksində davam edib. Qeyd edək ki, artıq 21 ildir ki, 20 oktyabr tarixi “Energetiklər Günü”
kimi qeyd olunur. Bu peşə bayramı Prezident İlham Əliyevin 2004-cü il 13
oktyabr tarixli 446 nömrəli Sərəncamı ilə təsis edilib. Tarixin məhz bu günə
təsadüf etməsi təsadüfi deyil: 1981-ci il oktyabrın 20-də Ulu Öndər Heydər
Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük
istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji bloku
istifadəyə verilib. Bu il həm də “AzərEnerji”nin yaranmasının 90 illiyi qeyd
olunur.
Tədbir Dövlət
Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra “İşıqla yazılan tarix” adlı
film nümayiş olunub.
Çıxış edən
“AzərEnerji” ASC-nin İdarə
Heyətinin sədri Baba Rzayev Cənab Prezident İlham Əliyevin daim diqqət və
qayğısı ilə əhatələnən energetika sektorunda həyata keçirilən genişmiqyaslı
işlər barədə məlumat verib. O
bildirib ki, Prezident İlham Əliyevin balanslı şəkildə ənənəvi və “yaşıl
enerji” mənbələrinə əsaslanan strategiyasına uyğun olaraq, son 20 ildə 5400 MVt
gücündə yeni generasiya mənbələri yaradılıb. Təkcə son 5-6 ildə istifadəyə
verilən yeni stansiyaların ümumi gücü 3000 MVt-dan artıqdır.
Son illərdə
görülən tədbirlər nəticəsində 1 kilovat-saat elektrik enerjisinin istehsalı
üçün sərf olunan şərti yanacağın miqdarı 284 qramdan 240 qrama endirilib. Baba
Rzayev qeyd edib ki, bununla 3,3 milyard kubmetr təbii qaza qənaət edilib və 6,4 milyon ton karbon qazının atmosferə
atılmasının qarşısı alınıb. “Bu gün Azərbaycan elektroenergetikası regionda bir
çox inkişaf etmiş ölkələr üçün nümunə göstəriləcək səviyyəyə çatıb. Bu,
Prezident İlham Əliyevin düşünülmüş və hərtərəfli hesablanmış enerji
strategiyasının bariz nümunəsidir,” - deyə o vurğulayıb.
“Energetiklər Günü” ilə bağlı tədbirlər təkcə Bakıda deyil, regionlarda da keçirilib. “AzərEnerji” tərəfindən ölkənin ən böyük yarımstansiyası olan 500/330 kV-luq “Nəvahi Yaşıl Enerji Qovşağı” ərazisində ağacəkmə aksiyası təşkil olunub. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası, Qarabağ Regional Elektrik Şəbəkəsi və “Energetiklər şəhəri” adlandırılan Mingəçevir də daxil olmaqla müxtəlif bölgələrdə bayram tədbirləri baş tutub.