Naxçıvanın enerji sistemində yeni mərhələ, bir ildə nələr dəyişib
Bir il əvvəl – 2024-cü il 23
noyabr tarixində Prezident İlham Əliyevin 235 nömrəli Fərmanına əsasən,
Naxçıvan Dövlət Energetika Xidmətinin enerjinin istehsalı və ötürülməsi
funksiyaları “Azərenerji” ASC-yə həvalə edilib. Fərmanın icrası məqsədilə ötən
bir il ərzində Naxçıvan Muxtar Respublikasında enerji sisteminin yenilənməsi və
müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.
Cəmiyyətin balansında “Naxçıvan Enerji” MMC yaradılıb, yeni struktur
formalaşdırılıb və 400-dən çox yerli mütəxəssis işlə təmin olunub.
Bununla yanaşı, “Azərenerji”
ASC tərəfindən “Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyası”
əsasında “2025–2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri”
hazırlanıb. Strategiyanın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasının
enerji təchizatında mühüm rol oynayan bir neçə yarımstansiyanın yenidən
qurulmasına başlanılıb. Hazırda 110
kV-luq “Naxçıvan”, 154/110/10 kV-luq “Babək” və 110/35/10 kV-luq “Çeşməbasar”
yarımstansiyalarında tikinti işləri müasir mühəndislik həlləri və beynəlxalq
təhlükəsizlik standartlarına uyğun olaraq aparılır. Qeyd edək ki, 110/35/10
kV-luq “Naxçıvan” yarımstansiyası muxtar respublikanın ilk qapalı tipli
yarımstansiyası olacaq ki, bu da enerji infrastrukturunun təhlükəsizliyini və
idarəolunma səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda,
132/110/35/10 kV-luq “Yeni Culfa”
yarımstansiyasında istismara hazırlıq işləri yekun mərhələdədir.
Enerji idarəetməsinin
rəqəmsallaşdırılması sahəsində də mühüm addımlar atılır. “Naxçıvan Enerji”
MMC-nin inzibati binası, Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin
tikintisi sürətlə davam etdirilir. Layihə çərçivəsində beton işlərinin böyük
hissəsi artıq tamamlanıb, dəmir-armatur örtüklərinin montajı aparılır. Tikinti
qrafikinə uyğun olaraq beton işlərinin bu ilin sonunadək başa çatdırılması
planlaşdırılır.
Bununla paralel olaraq,
ötürücü şəbəkənin tam modernləşdirilməsi istiqamətində genişmiqyaslı yenilənmə
işləri həyata keçirilir. Ötən əsrin 50-ci illərində inşa edilmiş və istismar
üçün yararsız vəziyyətə düşmüş hava elektrik xətlərinin mərhələli şəkildə
yenidən qurulması davam edir. İlk
mərhələdə ümumi uzunluğu 69 km olan ikidövrəli 110 kV-luq “Culfa”, “Ordubad-1”
və “Ordubad-2” xətlərinin yeni infrastrukturu tikilir. Culfa və Ordubad
istiqamətlərində köhnə dayaqlar müasir anker və aralıq dayaqları ilə əvəzlənir,
basdırılmış dayaqlar üzərində hava elektrik verilişi xətlərinin çəkilişi və
izolyasiya-mühafizə sistemlərinin quraşdırılması intensiv şəkildə aparılır.
Bu layihələr təkcə enerji
infrastrukturunun yenilənməsi ilə məhdudlaşmır, həm də regionun sosial-iqtisadi
inkişafına mühüm töhfə verir. Tikinti meydançalarında 200-ə yaxın yerli sakin
işlə təmin olunub, yüzlərlə mühəndis, texniki işçi, nəzarət və logistika
mütəxəssisi prosesə cəlb edilib. Bu isə həm müvəqqəti, həm də daimi iş
yerlərinin açılması ilə Naxçıvan əhalisinin məşğulluq imkanlarını
genişləndirib.
Enerji təhlükəsizliyinin yüksəldilməsi istiqamətində
daha böyük layihələr də nəzərdə tutulur. “Azərenerji” ASC yaxın illərdə
Naxçıvanda 400/330/110/35/10 kV-luq “Çevirici” yarımstansiyanın tikintisini
planlaşdırır. Bu yarımstansiya vasitəsilə Naxçıvandan Türkiyəyə ikidövrəli 400
kV-luq elektrik verilişi xəttinin çəkilməsi, Azərbaycan–Türkiyə–Avropa enerji
qovşağının yaradılması və Cəbrayıl–Naxçıvan–Ağrı xətti üzərindən Avropa enerji
bazarlarına birbaşa çıxış imkanlarının formalaşdırılması nəzərdə tutulur.
Həmçinin Ordubad rayonundan Türkiyə sərhədinə qədər 100 km hissədə 330 kV-luq
“Cəbrayıl–Naxçıvan” və 67 km hissədə 400 kV-luq “Naxçıvan–Türkiyə” xətlərinin
trassasının topoqrafik plana alınması üçün mühəndis geoloji və geodeziya işləri
həyata keçirilib.
Bununla yanaşı, 110 kV-luq
“Naxçıvan-1”,“Naxçıvan-2”, “Naxçıvan-3”,“Sementzavod-2” hava xətlərinin yaşayış
məntəqələrindən keçən 5,2 km-lik hissəsi yeraltı kabel xətləri ilə əvəzlənəcək
ki, bu da təhlükəsizliyi artırmaqla yanaşı, şəhər mühitində infrastrukturun
daha səliqəli və dayanıqlı olmasına imkan verəcək.
Muxtar Respublikanın “Yaşıl
enerji” zonası elan olunması Naxçıvanda aparılan enerji layihələrinə yeni
strateji məzmun qazandırır. Bərpa olunan enerji mənbələrindən səmərəli istifadə
regionun enerji balansında mühüm rol oynayır. Hazırda “Azərenerji” ASC-nin
tərkibində fəaliyyət göstərən “Naxçıvan Enerji” MMC-nin istismar sahəsində beş
su elektrik stansiyası, üç günəş elektrik stansiyası, bir külək elektrik
stansiyası və bir hibrid – Külək–Günəş Elektrik Stansiyası mövcuddur. Bu
infrastrukturun fəaliyyəti nəticəsində muxtar respublikada istehsal olunan
elektrik enerjisinin təxminən 50 faizi “yaşıl enerji”nin payına düşür.
“Azərenerji” tərəfindən Naxçıvanda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihələri təkcə mövcud enerji infrastrukturunu gücləndirmir, həm də muxtar respublikanın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirir. Bütün bunlar Prezident İlham Əliyevin müvafiq Fərmanının icrasının real nəticələrinin artıq aydın şəkildə hiss olunduğunu və Naxçıvanın enerji sektorunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.