YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ APARILMIŞDIR

Image

Ötən il “Xaçmaz” REŞ-in xidməti ərazisində yerləşən yarımstansiyalarda, elektrik verilişi xətlərində (EVX) yenidənqurma və böyük həcmdə cari, əsaslı və orta təmir  işləri aparılmışdır. Belə ki, təlabatçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə 330 KV-lik Xaçmaz və Dərbənd, 110 kV-lik 1-ci – 7-ci “Xaçmaz” hava xətlərində (HX), “Çarxı”, 1-ci və 2-ci “Qusar” və digər, 35 kV-lik HX-lərində əsaslı təmir qrafikinə uyğun olaraq 150 km məsafədə təmir işləri aparılmış, ümumilikdə 1600-dən artıq izolyator yenisi ilə əvəzlənmiş və metal dayaqların açılmış 100-metrə yaxın künclükləri bərpa edilərək onların konustruksiyalarının dayanıqlığı möhkəmləndirilmişdir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, perspektiv inkişafla əlaqədar olaraq 110 kV-lik “Qusar” yarımstansiyasından eyni adlı 35 kV-lik yarımstansiyanı qidalandıran yeni 35 kV-lik iki dövrəli hava xəttinin (6 kilometrə yaxın) tikintisi işləri aparılmışdır. Hazırda həmin EVX-nin kabel xətti ilə çəkiləcək hissəsində işlər davam etdirilir.

Mənbəyə istinadən qeyd edək ki, 35 kV-lik “Quba-Qusar”  və “Qonaqkənd” HX-lərində aparılmış təmir işləri zamanı dayaqlar təmir edilmiş və bir neçə dayaq dəyişdirilmişdir. Eyni zamanda sözügedən gərginlikli “Əcəxur” hava xəttinin yenidənqurulması və  dayanıqlığının daha da möhkəmləndirilməsi ilə əlaqədar ağac dayaqlar metal dayaqlarla əvəz edilərək, 8 ədəd anker və 13 ədəd aralıq dayaq olmaqla, ümumilikdə 21 ədəd dayaq quraşdırılmışdır. Bütün bunlarla yanaşı 110 kV-lik 1-ci və 2-ci “Quba” HEVX-nin 5-ci “Xaçmaz”  hava xəttinə giriş-çıxışla birləşdirilməsi ilə əlaqədar yenidənqurma işləri aparılmışdır.

Mənbəyə istinadən onu da qeyd edək ki, qarşıdan gələn yaz fəsli ilə əlaqədər burada bir sıra qabaqlayıcı tədbirlər yerinə yetirilib. Yaz aylarında sel daşqınları ilə əlaqədar bütün çay yataqlarının yaxınlığından keçən xətlərin dayaqları yoxlanılıb və dibi bərkidilib.

Onu da qeyd edək ki, həyata keçirilən və nəzərdə tutulmuş tədbirlər planı  müntəzəm xarakter daşıyır və bu kimi tədbirlər ölkə enerjisisteminin stabil və dayanıqlı iş rejiminin qorunmasında mühüm amillərdəndir.

Sonda onu da qeyd edək ki, müəssisə üzrə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına da ciddi əməl olunur. Xidməti ərazinin fərqli iqlimə və relyefə malik olması istismar heyəti üçün müəyyən risklərlə  müşahidə edilir. Bunu nəzərə alaraq, istənilən əməliyyatın həyata keçirilməsindən  qabaq texniki heyət təlimatlandırılır və işçilər lazımi mühafizə dəstləri ilə təmin olunurlar.