YARIMSTANSİYALARIN YÜKGÖTÜRMƏ İMKANI ARTIRILMIŞDIR

Image

Mövcud şəbəkənin yenidən qurulması istiqamətində əməli addımlar atılır. Ötən ildə də yeniləşdirmə tədbirləri çərçivəsində müasir tələblərə cavab verən dayaqlar basdırılmış, naqillər təzələnmiş, transformatorlar daha güclü və yüksək keyfiyyətliləri ilə əvəzlənmişdir.

Avadanlıqlardakı çatışmamazlıqların müəyyənləşdirilib aradan qaldırılması üçün 1400-ə yaxın 6-500 kV-luq transformator və avtotransformator, 1900-a yaxın yağ açarı, 3150-dən artıq boşaldıcı, 1050 ədəd gərginlik və cərəyan transformatorlarında  proflaktik sınaq-yoxlama işləri aparılmışdır.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki,  sözügedən dövrdə 110 kV-lik “Daşburun” yarımstansiyasında (YS) 10 MVA transformator 16 MVA ilə  əvəz edilmiş, YS-nin 110 kV açıq paylayıcı quruluşu da (APQ) yenidən quraşdırılmış, qısaqapayıcılar sxemdən çıxarılaraq  2 ədəd 110 kV-luq yağ açarı ilə əvəz olunmuşdur. 110 kV-luq “Puta” YS-da 31,5 MVA transformator 40 MVA ilə, “Xındırıstan” YS-da 1 və 2 saylı 25 MVA transformator 40 MVA ilə -110 kV-luq “Xudat” YS-da 16 MVA transformator  25 MVA ilə, 35 kV-luq “Xam Torpaq” YS-da 1,8 MVA transformator 4,0 MVA ilə, “Dostluq” YS-da 4,0 MVA transformator 6,3 MVA ilə, “Əlinəzərli” YS-da 1,8 MVA  transformator 4,0 MVA ilə, “Çaylı” YS-da 1,8 MVA transformator 2,5 MVA ilə, “99 saylı” YS-da 1,8 MVA transformator  4,0 MVA ilə əvəz olunmuşdur.

Qeyd edək ki, yarımstansiyalarda movcud transformatorların daha güclüsü ilə əvəzlənməsi işləri 110 kV-lik “Ceyranbatan”,  “Siyəzən Broyler”,  35 kV-lik “Alıuşağı”, “Qazax”,  “Hacıməlik” və digər yarımstansiyalarda da həyata keçirilmişdir. Ümumiyyətlə isə, mövcud yarımstansiyalardakı transformatorların daha güclüləri ilə əvəz edilməsi nəticəsində YS-in gücü 178,9 MVA artırılmışdır.

Mənbə onu da bidirdi ki, ötən il bəzi yarımstansiyalarda müasir tipli avadanlıqların quraşdırılması da diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 330 kV-luq  ”Yaşma” YS-da 2 dəst 330 kV-luq, 1 dəst 220 kV-luq, 4 dəst 110 kV-luq gərginlik məhdudlaşdırıcısı quraşdırılmışdır. 220 kV-luq “S. Qovşağı” YS-da 3  ədəd 110 kV-luq yağ açarı eleqaz aşarla əvəz olunmuşdur. 110 kV-luq “Cavad” YS-da 1 dəst 110 kV-luq güc transformatoru quraşdırılmış, 1 saylı 10 MVA transformatorun 110 kV tərəfində  1 ədəd 110 kV-luq yağ açarı, 1 dəst cərəyan transformatoru quraşdırılmış, mühafizə, avtomatika və idarəetmə dövrələri yığılmaqla yarımstansiya yenidən qurulmuşdur.

Onu da qeyd edək ki, analoji işlər 110 kV-luq “Sumqayıt-3”, “Cihazlar” və digər YS-lərdə də həyata keçirilmişdir.

Sonda onu da qeyd edək ki, 35-500 kV-luq yarımstansıyalarda təmir işləri təsdiq olunmuş qrafikə uyğun aparılmış və təmir qrafikinə uyğun olaraq, 3300-ə yaxın transformator, 35-500 kV-luq   20 ədəd eleqaz açarı, 2250-ə yaxın yağ açarı əsaslı və cari təmir edilmişdir. 105-dən artıq transformator və  KTM quraşdırılmışdır. 50-yə yaxın transformator daha güclüsü ilə  dəyişdirilmişdir.