“AZƏRBAYCAN İES”: UĞURLU BAŞLANĞIC

Image

Ötən təsərrüfat ilini uğurlu texniki-iqtisadi gös­təricilərlə başa vuran «Azərbaycan İES» MMC-nin kollektivi cari ilin ilk ayında da yüksək nəticələr əldə edib.

Əvvəlcə onu bildirək ki, stansiyada 2015-ci ilin yanvar ayı üzrə verilən tapşırıqlar tam həcmdə yerinə yetirilib. Dispet­çer qrafikinə uyğun olaraq elektrik enerjisinin istehsal planı 816 milyon kilovat-saat olduğu halda, bu göstərici faktiki olaraq 816 milyon 412 min kilovat-saata çatdırılıb.

Sözügedən stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, enerji istehsalı prosesinə elektrik enerjisinin xüsusi sərfi üzrə və elektrik enerjisinin buraxılışına şərti yanacağın xüsusi sərfinə dair proqnoz  tapşırıq­ları tam həcmdə yerinə yetirilib.

Yanvar ayı ərzində stansiyada qurğu və avadanlıqlarda təsdiq olunmuş qrafiklərə uyğun profilaktik yoxlama, zəruri hallarda isə cari təmir işləri aparılıb, ener­ji blokları və avadanlıqların  da­ya­nıqlı və fasiləsiz işi təmin edi­lib.

Hazırda Azərbaycan İESdə dispetçer yük qrafikinə uyğun olaraq sutka ərzində orta hesabla 24-27 milyon kilovat-saat elektrik enerjisi istehsal olunur. Cari ildə stansiyada bir sıra işlərin həyata keçirilməsi nəzərdə tutulub. «Azərenerji» ASC-nin təsdiq etdiyi təmir qrafikinə uyğun olaraq 2 blokda əsaslı, 3 blokda orta, digər enerji bloklarında isə planlı cari təmir aparılması nəzərdə tutulub.

Bununla yanaşı, transformatorlarda, 330  və 500 kV-lik APQ-lərdə əsaslı təmir işləri aparılacaqdır.