YARIMSTANSİYASININ GÜCÜ ARTIRILIB

Image

Bütün enerji obyektlərində olduğu kimi, ötən il “Xaçmaz” REŞ-in də balans mənsubiyyətinə aid olan 35 kV-lik və ondan yuxarı gərginlikli yarımstansiyalarda əsaslı və cari təmir qrafiklərinə, istismar səviyyəsinin yüksəldirlməsi, mövsümə hazırlıq tədbirlərinə uyğun olaraq güc transformatorları və avadanlıqlarda müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, bəzi avadanlıqlar isə yeni tipli avadanlıqlarla əvəz olunmuşdur. Ümumiyyətlə, avadanlıqlar qış mövsümünü yola saldıqdan sonra təbii ki, yenidən növbəti  payız-qış mövsümünə hazır olmalıdır. Növbəti payız-qış mövsümünə hazırlıq çərçivəsində yaz-yay təmir işləri həyata keçirilir. İstehsal tapşırıqlarının yerinə yetirilməsi ilə yanaşı olaraq müəssisədə sosial obyektlərin tikintisi, təmiri və abadlıq işləridə davam etdirilir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir.

Mənbənin bildirdiyinə görə, sözügedən dövrdə 110 kV-lik “Xaçmaz” yarımstansiyasında 10 kV-lik 1-ci və 2-ci bölmənin boşaldıcıları yeni tipli gərginlik məhdudlaşdırıcıları ilə, “RTS”, “Buruq”, “Əhmədoba”, “Gəncəli” və “Nizova” hava xətlərinin yağ açarları yeni tipli vakuum açarlarla əvəz edilmişdir. Eyni zamanda 2 saylı 25 MVA transformatorun 110 kV-lik 2-ci şin sistemindən ayrıcısının torpaqlanma bıcaqları quraşdırılmışdır. Bütün bunlarla yanaşı 1 saylı 25 MVA tranformatorun  və 110 kV-lik 4-cü “Xaçmaz” hava xəttinin 1-ci və 2-ci şin sistemində, yuxarıda qeyd edilmiş 1 və 2 saylı transformatorlarda təmir işləri aparılmışdır.

Yeni güc artımları ilə əlaqədar görülən işlərdən söz açan mənbə bildirdi ki, 110 kV-lik “Xudat” yarımstansiyasının gücü artırılmışdır. Belə ki, 2 saylı 16 MVA gücündə transformator 25 MVA gücündə transformatorla əvəz edilmişdir. Eyni zamanda 2-ci bölmədə boşaldıcılar yeni tipli gərginlik məhdudlaşdırıcıları ilə əvəz olunmuşdur. Bütün bunlarla yanaşı hesabat dövründə 1 saylı 16 MVA tranformatorda  və 110-35-10 kV-lik avadanlıqlarında əsaslı təmir işləri aparılmışdır.

Mənbəyə istinadən qeyd edək ki, 110 kV-lik “Quba” yarımstansiyasında 1 və 2 saylı 40 MVA transformatorların eyni gərginlikli böşaldıcıları yeni tipli gərginlik məhdudlaşdırıcıları ilə, 35 kV-lik “Qusar” hava xəttinin isə vakuum açarları yenisi ilə  əvəz olunmuşdur. Eyni zamanda 1 saylı 40 MVA transformatorun 10 kV-lik giriş yağ açarı yenilənmiş, 10 kV-lik “Bələdiyyə” hava xəttinin yağ açarı isə yeni vakuum açarla əvəzlənmişdir. Bütün bunlarla yanaşı hər iki transformator və 35 kV-lik yağ açarları təmir olunmuşdur. Yeri gəlmişkən, sözügedən yarımstansiyanın ərazisində 35 və 10 kV-lik qapalı paylayıcı quruluşun yenidənqurulması işləri də aparılır.

Onu da qeyd etmək yerinə düşərdi ki, 110 kV-lik “Qusar” yarımstansiyasında da analoji işlər həyata keçirilmişdir.

Sonda mənbə qeyd etdi ki, yaxın gələcəkdə enerjisistemin  dayanıqlığının daha da artırılması məqsədilə şəbəkənin balansında olan digər müxtəlif güclü yarımstansiya və EVX-lərin də yenidənqurma və əsaslı təmiri  nəzərdə tutulub.