SUMQAYIT ES: REAL İŞLƏRİN NƏTİCƏSİ
Enerjidən istifadənin ətraf mühitə mənfi təsirini azalda biləcək layihələrin işlənib hazırlanması daha mühüm əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkələri bu problemin həlli ilə əlaqədar maraqlı tədbirlər həyata keçirirlər. Respublika elektrik enerjisi sistemində də bu istiqamətdə məqsədyönlü tədbirlər reallaşdırılır. O cümlədən, respublikanın ikinci sənaye şəhəri olan Sumqayıtda bu işlər uğurla həyata keçirilir. Belə layihələrdən biri də ümumi gücü 525 MVt olan “Sumqayıt” elektrik stansiyasıdır.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada ötən il ərzində 2 milyard 589,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal etmişdir. Qeyd edək ki, cari ilin yanvar ərzində isə burada 284,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istər ötən il, istərsə də cari ilin yanvar ayında elektrik enerji istehsalının digər texniki-istehsalat göstəriciləri üzrə də yüksək nəticələr əldə edilmişdir. Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, ötən ilin son üç ayı ərzində də stansiyanın optimal iş rejimini saxlamaq üçün qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilmişdir.
Onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda bir sıra yanğın texniki tədbirlər həyata keçirilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin təmir qrafikinə uyğun olaraq yaz aylarında aparılacaq işlər üçün ehtiyat hissələrin tədarükü aparılmışdır.
Xatırladaq ki, hər birinin gücü 164 meqavat olan iki ədəd qaz turbini və gücü 189 meqavat olan bir ədəd buxar turbini quraşdırılmış bu stansiya dünya standartlarına cavab verən ən müasir avadanlıqlarla təchiz edilmişdir. “Sumqayıt” elektrik stansiyası Təmiz İnkişaf Mexanizmi prinsipi ilə istismar olunur. Elektrik stansiyası iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin etmişdir. Bundan əlavə enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.